Siyəzəndə qəza törədən sürücü 4 il cəza aldı

24 Aprel 2015 14:57 (UTC+04:00)

Sumqayıt Apelyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirli bilinən Naxçıvan sakini Elyar Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, 26 fevral 2013-cü il tarixdə, saat 05 radələrində Elyar Əsgərov idarə etdiyi “Shacman SX3315DT326” markalı yük avtomobili ilə Bakı-Quba-Dağıstan sərhəd yolunun Siyəzən rayonu ərazisindən keçən hissədə qəza törədib.

Elyar Əsgərovun idarə etdiyi yük avtomobili yolun 95-ci kilometrliyindən dayanan digər yük avtomobili olan “Kamaz”a çırpıb. Nəticədə həmin vaxt oradan keçən Faiq Abdullayevin idarə etdiyi “Mercedes-Bens” avtomobili də vurub. Qəza zamanı Faiq Abdullayev ölüb.

İstintaq araşdırması zamanı Faiq Abdullayevin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədilməsində Elyar Əsgərov günahkar bilinib. Onun barəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb. Siyəzən Rayon Məhkəməsinin hökmü ilə Elyar Əsgərov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Elyar Əsgərov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Həmçinin “A-Trans Motors” MMC-nin nümayəndəsi Ağalar Ağaşirinov apelyasiya şikayəti verərək Siyəzən rayon Məhkəməsinin hökmünün dəyişdirilməsini istəyib.

Hakim Hüseyn Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə çıxış edən Ağalar Şirinov bildirib ki, birinci məhkəmə instansiyası “A-Trans Motors” MMC-yə qarşı mülki iddia tələbinin qismən təmin edilib: “Siyəzən Rayon Məhkəməsi “A-Trans Motors” MMC-dən 5000 manat maddi ziyan, 5000 manat mənəvi ziyan olmaqla cəmi 10000 manat məbləğində pul tutularaq zərərçəkmiş Faiq Abdullayevin hüquqi varisi, mülki iddiaçı Pərvanə Abdullayevaya ödənilməsinə dair hökm elan edib. Həmin hökmün mülki iddianın təmin edilməsi ilə bağlı hissədə ləğv edilməsini istəyirəm. Mübahisələndirilən məhkəmə hökmünün mülki iddiaya dair hissəsi qanunusuz və əsassızdır. Siyəzən rayon Məhkəməsi “A-Trans Motors” məhdud məsuliyyətli cəmiyyətini təqsirləndirilən şəxs Elyar Əsgərovun idarə etdiyi yüksək təhlükə mənbəyinin “Shacman SX3315DT326” markalı nişanlı avtomobilinin sahibi hesab edib. Birinci instansiya məhkəməsinin hökmündə mülki cavabdeh kimi qəbul edilmiş “A-Trans Motors” məhdud məsuliyyətli cəmiyyətinin iştirakı təmin edilməyib. Məhkəmə tərəfindən ədalətli hökmün çıxarılmasına təsir edən səndələrin “A-Trans Motors” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən təqdim edilməsinə şərait yaradılmayıb.

Prosesdə qərar elan edən hakimlər “A-Trans Motors” MMC-nin apelyasiya şikayətini təmin ediblər və Siyəzən Rayon Məhkəməsinin mülki iddia ilə bağlı hissədə çıxardığı hökmü ləğv ediblər. Zərərçəkmiş şəxsin hüquqi varisi PərvanəAbdullayevanın mülki iddiası baxılmamış saxlanılıb. Hökm qalan hissədə dəyişdirilməyib.

Hacı Zeynalov