Əbülfəs Qarayev Naftalanda vətəndaşlarla görüşüb

29 Aprel 2015 14:49 (UTC+04:00)

Mədəniyyət və turizm naziri aprelin 29-da Naftalan şəhərində vətəndaşlarla görüş keçirib.

Nazir Naftalan və Gəncə şəhərlərindən, eləcə də Daşkəsən, Göygöl, Kəlbəcər və Samux rayonlarından vətəndaşları qəbul edib.

Nazirliyin məsul işçilərinin də iştirak etdikləri qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı təklif, xahiş və şikayətləri dinlənilib.

Müraciətlər əsasən mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, ixtisaslı kadrlarla təminat, tarix-mədəniyyət abidələrinin bərpası və s. məsələlərlə bağlı olub.

Yerlərdə muzey bələdçilərinin qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə təlim və dil kurslarına cəlb edilməsi, rayonlara tanınmış incəsənət ustalarının ezam edilməsi, yaradıcılıq görüşlərinin təşkili, kitabxanaların metodiki vəsaitlərlə, uşaq ədəbiyyatı və jurnallarla, mədəniyyət evlərinin səhnə ləvazimatı ilə təchiz edilməsi barədə xahişlər edilib.

Həmçinin Gəncə Mərkəzləşdirilmiş Kitabxana Sistemində Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin qərb bölgəsi üzrə səyyar kurslarının təşkili ilə bağlı təklif də verilib.
Göygöl şəhərində nazirliyin dəstəyi ilə yaradılacaq alman icmasının tarixi muzeyinin fəaliyyətinin təşkili, rayonda qış turizminin inkişaf etdirilməsi barədə müraciətlər edilib.

Nazir ayrı-ayrı müraciətlərlə bağlı müvafiq tapşırıq və göstərişlər verib. Bildirilib ki, vətəndaşlarla görüşlərdə qeyd edilən məsələlər konseptual şəkildə daim nazirliyin diqqətindədir və müvafiq proqramlar, layihələr çərçivəsində tədricən həlini tapır.

İLHAMƏ