Azərbaycanla İSESKO arasında əməkdaşlıq məsələləri müzakirə olunub

29 Aprel 2015 18:29 (UTC+04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov İSESKO-nun baş katibi Əbdüləziz Osman əl-Tüveycrini qəbul edib.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, baş katib Azərbaycanın İSESKO çərçivəsində fəaliyyətini və təşkilatın məqsəd və məramlarının həyata keçirilməsinə verdiyi töhfələri yüksək qiymətləndirib.

O, Azərbaycanın dinlər və mədəniyyətlərarası dialoq təcrübəsinin dünya üçün örnək olduğunu diqqətə çatdırıb.

Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edən əl-Tüveycri Oyunlarında iştirak edəcəyindən şərəf duyduğunu bildirib.

E.Məmmədyarov İslam dünyasında həmrəyliyin gücləndirilməsinin vacibliyini vurğulayıb və İslam Əməkdaşlıq Təşkilatı və İSESKO-nun İslam dünyasının üzləşdiyi məsələlərin müzakirəsi və həlli yollarının tapılması üçün vacib platforma olduğunu vurğulayıb.

Görüşdə Azərbaycanla İSESKO arasında əməkdaşlığa dair məsələlər müzakirə olunub.