“Milli Qəhrəmanlarımızın təbliği: Gültəkin Əsgərova”

7 May 2015 16:27 (UTC+04:00)

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Milli Qəhrəmanlarımızın təbliği: Gültəkin Əsgərova” layihəsi çərçivəsində Yevlax rayon Yuxarı Qarxun kənd orta məktəbində layihənin yekunları ilə bağlı tədbir keçirib.

Birlikdən Teleqraf.com-a verilən məlumata görə, layihənin məqsədi Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövlətçiliyinin müdafiəsi və torpaqlarımızın azad edilməsi istiqamətində birmənalı və qətiyyətli fəaliyyətini təbliğ etmək, yeniyetmə və gənclərimizin Gültəkin Əsgərova kimi yaşamağa, Vətəninə və xalqına bağlı gənclərin yetişməsinə töhfə verməkdir.

Tədbirdə çıxış edən “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Cürənov layihə çərçivəsində görülən işlər barədə məlumat verib. Yevlax rayon Yuxarı Qarxun kənd orta məktəbinin şagirdləri Milli Qəhrəman Gültəkin Əsgərova və digər qəhrəmanlarımızın həyat fəaliyyətləri barədə danışıb, Milli Qəhrəmanlarımızla bağlı həyata keçirdiyi layihələrlə əlaqədar “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinə təşəkkür ediblər. Məktəbin rəhbərliyi də “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyin gələcəkdə məktəbdə belə layihələrin həyata keçirilməsinin əhəmiyyətli olduğunu, bu layihələrin şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

BƏXTİYAR