“Gənc xilasedici və yanğınsöndürən” yarışları keçirilib

8 May 2015 10:47 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin bazasında nazirliyin yaradılmasının 10 illiyinə həsr olunmuş “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının Bakı şəhər birinciliyi keçirilib.

Teleqraf.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən tədbirdə Bakı şəhər məktəbləri, Sumqayıt şəhər 1 nömrəli, Xızı rayonu, Sitalçay kənd 1 nömrəli, Abşeron rayon 1 nömrəli, Sumqayıt şəhərində yerləşən Qubadlı rayon 1 nömrəli və Binəqədi rayonunda yerləşən Cəbrayıl rayonu, Sirik kənd orta məktəbinin komandaları öz güclərini sınayıblar.

Tədbirin açılış mərasimində çıxış edən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-mayor Cahangir Qulamov və nazirliyin Fövqəladə halların xəbərdar edilməsi Baş idarəsinin Fövqəladə halların monitorinqi və xəbərdar edilməsi idarəsinin rəisi polkovnik Məhbubə Mustafayeva bildirmişlər ki, bu yarışlar yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərə fərdi və ictimai təhlükəsizliyin təmin edilməsində məsuliyyətin, hərbi vətənpərvərlik ruhunun aşılanması, sağlam həyat tərzinin təbliği məqsədilə təşkil olunur.

Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Binəqədi rayonunda yerləşən Cəbrayıl rayonu, Sirik kənd orta məktəbi I, Nizami rayon 220 nömrəli məktəbi II, Yasamal rayon 225 nömrəli məktəbi isə III yeri tutub.

Qalib komandalar kubok və hədiyyələrlə mükafatlandırılmış, 1-ci və 2-ci yeri tutmuş komandalar Bakı şəhərini “Gənc xilasedici və yanğınsöndürən” yarışları üzrə Azərbaycan birinciliyində təmsil etmək hüququ əldə ediblər.

İLHAMƏ