“Bu cür kampaniyalara vərdiş etməliyik” - MÜSAHİBƏ

11 May 2015 11:44 (UTC+04:00)

Musa Quliyev: “Zəngəzur, İrəvan Azərbaycan torpaqlarıdır və biz o torpaqlara dönəcəyik”

“Artıq biz bu cür kampaniyalara vərdiş etməliyik. Necə ki, siyasi arenada artıq biz buna vərdiş etmişik. Bilirik ki, Azərbaycanı istəməyən qüvvələr də var. Belə bir atalar sözü var; bar verən ağaca daş atan çox olar. Əgər Azərbaycan varlı, qüdrətli, bir dövlət olmasaydı, ölkəmizə heç maraq da olmazdı.

Azərbaycana müsbət mənada maraq olduğu kimi, təəssüflər olsun ki, məkrli maraqlar da var və bu insanlar, bu qruplar ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən istifadə edərək bizə müəyyən təzyiqlər göstərmək, özlərinin qara niyyətlərini həyata keçirərək Azərbaycandan müəyyən siyasi, iqtisadi dividentlər əldə etmək niyyəti ilə bu kampaniyanı başlayıblar. Yəni, bu kampaniyanın arxasında Azərbaycandan nəsə qoparmaq niyyətləri dayanır. Başqa bir şey dayanmır. Ona görə də biz bunlara öyrəşməliyik, xalqımız da bunu bilməlidir. Müəyyən qüvvələr həmişə olub, bundan sonra da olacaqdır. Nə qədər ki, bizim ermənilərlə konfliktimiz başa çatmayıb, biz o tərəfdən istənilən alçaq hərəkətləri gözləyə bilərik”.

Bunu Teleqraf.com-a müsahibəsində Milli Məclisin Sosial siyasət komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Musa Quliyev deyib. Müsahibəni təqdim edirik.

- Musa müəllim, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizə hansı dividentləri qazandıracaq?
- İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi faktının özü dünya birliyinin Azərbaycana verdiyi yüksək qiymətin ifadəsidir. Yəni, dünya, Avropanın inkişaf etmiş ölkələri Azərbaycanın belə bir yarışı keçirmək gücündə olmadığını hesab etsəydilər ki, o zaman bu oyunların ölkəmizdə keçirilməsinə qərar verməzdilər. Ümumiyyətlə, Azərbaycanı namizəd ölkə kimi qəbul etməzdilər. Ancaq bu yarışların Azərbaycanda keçirilməsi ölkəmizin gücünün, qüdrətinin, mədəniyyətinin bir göstəricisidir. Digər tərəfdən, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin dünyada hüquqi, demokratik dövlət kimi möhkəmləndirilməsinə xidmət edən bir addım olacaq. Yəni, idman özü, əslində, sülh, dostluq, həmrəylik, insaniyyət bayramıdır. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi həm ölkəmiz, həm də Avropanın idman tarixi üçün tarixi bir hadisədir. Oyunların Azərbaycanda keçirilməsi bizim dövlətimizə və xalqımıza həm iqtisadi, həm ictimai-siyasi, mənəvi-mədəni sahələr üzrə çoxlu dividentlər qazandıracaq. Birinci növbədə azarkeş kimi oyunları izləməyə, idmançı və məşqçi kimi iştirak etməyə gələn ilk növbədə Azərbaycanın mədəniyyəti və tarixi ilə tanış olmaq imkanı qazanacaqlar. Azərbaycanın musiqisini, incəsənətini öyrənə biləcəklər. Azərbaycan xalqının nə qədər mədəni, nə qədər tolerant, nə qədər ədalətli bir xalq olduğunun şahidi olacaqlar. Bundan əlavə, erməniləri uzun illər ərzində Azərbaycan xalqı haqqında dünyaya yaydıqları böhtan xarakterli informasiyalar bilavasitə burada təkzib olunacaq. Məsələn, ermənilər deyirlər ki, biz Azərbaycan xalqı ilə bir yerdə yaşaya bilmərik, bizim mədəni səviyyələrimiz fərqlidir, yaxud o xalq zülmkar, anti-demokratik xalqdır və sair. Ancaq ölkəmizə gələndə görəcəklər ki, ermənilərin söylədikləri böhtandan-şərdən başqa bir şey deyil.
Digər bir tarixi əhəmiyyəti ondan ibarət olacaq ki, Azərbaycan artıq bütün dünyada beynəlxalq əhəmiyyətli idman oyunlarının keçirildiyi məkan kimi tarixə düşəcək və bundan sonra - gələn il keçiriləcək Dünya Şahmat Olimpiadası, 2017-ci ildə keçiriləcək İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə yeni-yeni dividentlər gətirəcək.

- Ancaq təəssüflə qeyd etmək lazımdır ki, ilk Avropa Oyunları Azərbaycan tarixində, deyəsən, həm də ölkəmizə qarşı kütləvi qarayaxma kampaniyasının aparılması ilə də yadda qalacaq...
- Bilirsiniz, artıq biz bu cür kampaniyalara vərdiş etməliyik. Necə ki, siyasi arenada artıq biz buna vərdiş etmişik. Bilirik ki, Azərbaycanı istəməyən qüvvələr də var. Belə bir atalar sözü var; bar verən ağaca daş atan çox olar. Əgər Azərbaycan varlı, qüdrətli, bir dövlət olmasaydı, ölkəmizə heç maraq da olmazdı. Azərbaycana müsbət mənada maraq olduğu kimi, təəssüflər olsun ki, məkrli maraqlar da var və bu insanlar, bu qruplar ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən istifadə edərək bizə müəyyən təzyiqlər göstərmək, özlərinin qara niyyətlərini həyata keçirərək Azərbaycandan müəyyən siyasi, iqtisadi dividentlər əldə etmək niyyəti ilə bu kampaniyanı başlayıblar. Yəni, bu kampaniyanın arxasında Azərbaycandan nəsə qoparmaq niyyətləri dayanır. Başqa bir şey dayanmır. Ona görə də biz bunlara öyrəşməliyik, xalqımız da bunu bilməlidir. Müəyyən qüvvələr həmişə olub, bundan sonra da olacaqdır. Nə qədər ki, bizim ermənilərlə konfliktimiz başa çatmayıb, biz o tərəfdən istənilən alçaq hərəkətləri gözləyə bilərik.
Təəssüflər olsun ki, dünyada ikili standartlar deyilən məfhum da var. Son illərdə bu ikili standartlar xüsusən inkişaf etməkdə olan müsəlman dövlətlərinə, türk dünyasına qarşı daha həyasız şəkildə tətbiq edilməkdədir. Bizə qarşı aparılan bu kampaniyanın bir qolu da bu ikili standartlardan irəli gəlir. Onlar fikirləşirlər ki, niyə bir türk dövləti sürətlə inkişaf etsin, niyə müsəlman dövləti Avropanın və Qərbin illər uzunu keçə bilmədikləri yolu qısa müddətdə qət etsin və zəngin, rifah içində yaşayan bir ölkə çevrilməlidir. Bu da var. Biz, bütövlükdə xalqımız bu həqiqəti bilməlidir. Biz bu qarayaxma kampaniyalarına da ağılla, təmkinlə cavab verməliyik. Emosional reaksiyaların bir o qədər əhəmiyyəti yoxdur.

- Yəni, bizim ermənilərlə konfliktimiz başa çatmış olsaydı, qarayaxma kampaniyaları da olmayacaqdı?
- Hansısa dövlətlə həmin dövlətdəki müəyyən qrupları qarışdırmaq lazım deyil. Biz ölkəmizə qarşı başqa ölkələrdən olan çıxışları həmin dövlətin siyasəti kimi qələmə verməli deyilik. Burda həm Ermənistan-Azərbaycan münaqişəsinin mövcudluğunun rolu var, həm də digər məsələlərin. Ermənilərlə problemimiz olmasaydı, başqa problemimi olacaqdı. Problemsiz inkişaf edən dövlət yoxdur. Hansı dövləti götürsən, görəcəksən ki, onun özünün müəyyən problemləri var. Olmayanda isə böyük dövlətlər onun üçün problem yaradırlar ki, gələcəkdə özlərinə rəqib dövlətlər formalaşmasın. Bu, dünya siyasətinin əsas cəhətlərindən biridir. Amma dövlətin, millətin və ölkə iqtidarının da gücü ondadır ki, həmin müqavimətləri, ölkəsinə qarşı olan xəyanətləri görsün və buna hazır olsun. Azərbaycan dövləti və prezidenti də ölkəmizə qarşı yönələcək şər işlərin qarşısını almağa hazırdır və bu qüdrətə malikdir.

- Bu gün (dünən-S.Həmid) tariximizdə növbəti ağrılı gündür. Şuşanın işğalının 23-cü ildönümü tamam olur. Necə xatırlayırsız o günləri?
- Şuşanın işğalı, əslində, bizim hamımıza bir şok yaşatdı. Rəhmətlik xalq şairi Məmməd Araz yazmışdı ki, Şuşa işğal olunsa, yaşamağa dəyməz. Yəni, Şuşa, əslində, bizim hamımız üçün Qarabağın, Vətənin bir simvolu idi və biz hamımız Şuşanın alınmaz bir qala olduğunu bilirdik, buna inanırdıq. Heç cür inana bilmirdik ki, Şuşa işğal oluna, təslim edilə bilər. Amma təəssüf ki, Şuşa da digər torpaqlarımız kimi xəyanətin qurbanı oldu. Şuşanın itirilməsi ancaq xəyanətlə izah oluna bilər. Bu, təkcə bizim üçün deyil, bütün millət üçün şok oldu. O dövrdə bir neçə gün dərk edə bilmədik ki, bundan sonra həyat necə davam edəcək.
Ancaq ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra artıq yavaş-yavaş Azərbaycan dövlətçiliyi möhkəmləndi, ordu quruldu, qüdrətini artırdı. Hesab edirəm ki, biz o torpaqları, Qarabağın bütün məkanlarını, o cümlədən Şuşanı mütləq azad edəcəyik. Cənab prezidentin dəfələrlə söylədiyi kimi Zəngəzur, İrəvan Azərbaycan torpaqlarıdır və biz o torpaqlara dönəcəyik. Biz bu inamla yaşayırıq, bu inamla mübarizə aparırıq və bu inamla da işimizi qururuq. Hesab edirəm ki, bu, müvəqqəti bir itkidir və biz mütləq o torpaqları qaytaracağıq, orda Azərbaycanın bayrağını yüksəldəcəyik. İnanıram ki, biz bu tarixi günü görəcəyik.

- 24 aprel - qondarma erməni soyqırımının qeyd olunduğu gündən artıq 2 həftə vaxt ötüb. Ermənilərin bu saxta tədbirinin Çanaqqala zəfərinin 100 illiyi ilə bağlı Türkiyədə keçirilən tədbirin kölgəsində qaldığını demək olarmı?
- Çanaqqala zəfərinin 100 illiyi həmin günlərdə keçirilməsəydi belə, ermənilər bundan artıq heç nəyə nail ola bilməyəcəkdilər. Biz bəzən deyirik ki, informasiya blokadasındayıq, dünya həqiqətləri bilmir. Dünya həqiqətləri çox yaxşı bilir. Həqiqətləri bilməli olan dövlətlər, əslində, bizim sonradan bildiyimiz həqiqətləri vaxtında özləri yaradıb ortaya qoyurlar. Əslində, bu gün Rusiya da, Fransa da, ermənilərlə həmin gün həmrəy olan başqa dövlətlər də məsələnin tarixini çox gözəl bilirlər. Çox gözəl bilirlər ki, Birinci dünya müharibəsində kimlər Osmanlı dövlətinə qarşı vuruşub, kimlər erməniləri xəyanətə cəlb ediblər. Vaxtilə Şərqi Anadoluda baş verən qırğınlarda, vətəndaş müharibəsində Rusiyanın da, Fransanın özünün də müəyyən qədər rolu, təqsiri var. Bütün bunlar hamısı tarixdə, arxivlərdə var. Ermənilər özləri də, Rusiya, Fransa, İngiltərə, Amerika da yaxşı bilir həmin arxivlərdə nələr var.

- Yaxın vaxtlarda Milli Məclisin xətti ilə hansısa ölkələrə səfərləriniz nəzərdə tutulubmu?
- İki səfərimiz nəzərdə tutulub. Birincisi, Avropa Şurasının xətti ilə Moldovada tədbir keçiriləcək. Tədbir Avropa Şurası üzvü olan ölkələrin parlamentlərinin sosial siyasət komitələrinin birgə iclası olacaq. Orada ümumiyyətlə Avropada sosial siyasət doktrinası, sosial siyasətin yeni modelləri və sosial siyasətin həyata keçirilməsi barədə müzakirə keçiriləcək. Milli Məclisin Sosial siyasət komitəsinin üzvləri də bu tədbirlə bağlı mayın 17-dən 21-dək Moldovada səfərdə olacaqlar.
İyun ayının 7-dən 9-dək isə yenə Moldovada bir tədbir olacaq. Bu da Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının iclasıdır və biz də həmin iclasda iştirak edəcəyik.

Səxavət Həmid