Nərimanov rayonunda Gül bayramı qeyd edilib

11 May 2015 00:35 (UTC+04:00)

Mayın 9-da Koroğlu Rəhimov küçəsi 3 ünvanda yerləşən yeni salınmış parkda xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Gül bayramı keçirilib.

AZƏRTAC xəbər verir ki, Ulu Öndərin əziz və parlaq xatirəsinə hörmət əlaməti olaraq ənənəvi şəkildə qeyd edilən Gül bayramında Nərimanov rayonunda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin şagird kollektivlərinin, uşaq tərbiyə müəssisələri nümayəndələrinin müxtəlif növ dekorativ güllərdən, dibçək və kəsilmə güllərdən, qurudulmuş gül və bitki kollarından, göz oxşayan eksponatlardan ibarət sadə və eyni zamanda, orijinal üslublu kompozisiyalar öz görünüşü və ifadəliliyi ilə göz oxşayıb.

Bayram libasına bürünmüş parkda təbiəti sevən, təsviri sənətə həvəs göstərən uşaqlar öz istedadlarını birbaşa nümayiş etdirmək imkanı qazanıblar. Ümummilli lider Heydər Əliyevin tər çiçəklərdən “toxunmuş” portret xalçası xüsusi maraq doğurub.

Axşam saatlarınadək davam edən tədbirdə sərgilənən və müsabiqədə iştirak edən sənət əsərləri Bakı Şəhər İcra Hakimiyyətinin qiymətləndirmə komissiyası tərəfindən müxtəlif nominasiyalar üzrə dəyərləndirilib.