Cəbhədə atəşkəs pozulmaqda davam edir

12 May 2015 09:53 (UTC+04:00)

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 76 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, Ermənistanın İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdəki mövqelərimiz atəşə məruz qalıb.

Həmçinin, Ermənistanın Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Bundan başqa, Ermənistanın işğalı altında olan Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Yarımca, Çiləbürt, Göyarx, Qızıloba, Ağdam rayonunun Şuraabad, Şıxlar, Yusifcanlı, Kəngərli, Qaraqaşlı, Baş Qərvənd, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.