Dələduz qadın axtarışa verildi

12 May 2015 17:08 (UTC+04:00)

Bakı Apelyasiya Məhkəməsində dələduzluqda ittiham olunan Nərgiz Məmmədovanın həbsi üçün Baş Prokurorluğun verdiyi apelyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, Bakı sakini Nərgiz Məmmədova özünü vəzifəli şəxs kimi təqdim edib və 10-dan çox vətəndaşı işə düzəltmək adı ilə aldadıb. O, ali məktəblərə TQDK-nın təşkil etdiyi test imtahanlarından kənar tələbə qəbul etdirməkdə də təqsirli bilinib. Nərgiz Məmmədova 2007-ci ildə Rüfət Şərifovu Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul etdirmək adı ilə aldadıb və ondan 23 min manat pul alıb.

Nərgiz Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay müddətinə şərti cəza alıb və məhkəmə zalından azadlığa buraxılıb.

Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verib. Prokuror Nemət Əvəzovun imzası ilə Bakı Apelyasiya Məhkəməsinə göndərilən şikayətdə Nərgiz Məmmədovanın həbsi və 10 il müddətinə azadlıqdan məhrum edilməsi tələb olunub. Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçən prosesdə prokuror çıxış edib. Prokuror Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini və Nərgiz Məmmədovanın məhkəmə zalından həbs edilməsini istəyib.

Proses üzrə tərəflərin çıxışları yekunlaşsa da, son bir neçə prosesə təqsirləndirilən şəxs gəlməyib. Nərgiz Məmmədovanın hansı səbəbdən prosesə qatılmaması barədə hakimlərə heç bir məlumat verilməyib. Bir neçə dəfə prosesi təxirə salan hakimlər sonda Nərgiz Məmmədovanın barəsində axtarış elan edilməsi barədə qərar qəbul ediblər. Qərara görə, Nərgiz Məmmədovanın barəsində həbs qəti imkan tədbiri seçilib və barəsində axtarış elan edilməsi barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinə məlumat verilib.

Hacı Zeynalov