“Xortdanın cəhənnəm məktubları” üçün Bakıya gəldi

13 May 2015 15:51 (UTC+04:00)

“Xortdanın cəhənnəm məktubları”nı əcnəbi rejissor hazırlayır

Gənc Tamaşaçılar Teatrında görkəmli Azərbaycan yazıçı-dramaturqu Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” povesti əsasında eyniadlı tamaşanın hazırlıq prosesinə bu gün start verilib.

Teatrdan Teleqraf.com-a verilən məlumata görə, tamaşaya Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri Boris Manciyev quruluş verəcək. Rejissor artıq Bakıdadır və bu gündən hazırlıqlara başlanılıb.

Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Vasif Hüseynli, rəqslərin quruluşçu Vüsal Mehrəliyev, rejissor assistenti Sona Mustafayevadır.

Azərbaycan teatr məkanında ilk dəfə müraciət olunan səhnə əsərində rolları əməkdar artistlər Leyli Vəliyeva, Qurban İsmayılov, Şövqi Hüseynov, aktyorlar Manaf Dadaşov, Elnur Kərimov, Elşən Çarhanlı, Ədalət Əbdülsəməd, Zemfira Əbdülsəmədova, Xalidə Şərifova, Səbinə Məmmədova, Vüsal Mehrəliyev, İlham Əsədov, Elşən Hacıbabayev, Rəşad Səfərov, Eldar İmanov, Vahid Orucoğlu, Anar Səfiyev ifa edəcəklər.

Məlumat üçün bildirək ki, qarşılıqlı yaradıcılıq müqaviləsinə əsasən ötən il Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov Kalmıkiya Respublikasına ezam olunaraq yazıçı-dramaturq Əli Əmirlinin “Sevən qadın” əsəri əsasında eyniadlı tamaşa hazırlayıb.

Tamaşanın cari ilin iyun ayının 9-10-da nümayiş etdirilməsi nəzərdə tutulur.

Nərmin