“Şahdəniz Mərhələ 2”də çalışanların 93 faizdən çoxu Azərbaycan vətəndaşlarıdır

14 May 2015 14:04 (UTC+04:00)

“Şahdəniz Mərhələ 2” layihəsi üzrə mühəndis-layihələndirmə, tikinti və təchizat işləri üzrə təxminən 10 milyard dollar dəyərində əsas müqavilələrin əksəriyyəti imzalanıb. Artıq 10 mindən çox insan bütün əsas müqavilələr üzrə tikinti işlərinə cəlb olunub ki, onların da 93 faizdən çoxu Azərbaycan vətəndaşlarıdır.

“bp-Azerbaijan” şirkətindən AZƏRTAC-a verilən məlumata görə, 2015-ci ilin birinci rübündə “Şahdəniz Mərhələ 2” layihəsi xeyli müsbət irəliləyiş əldə edərək bir sıra hədəflərə vaxtından əvvəl nail olub.

Hazırda layihə sürətlə irəliləyir, ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində, o cümlədən Səngəçal terminalı, Bakı yaxınlığındakı ATA (AMEK/Tekfen/Azfen) sahəsi, Bakı Dərin Özüllər Zavodu (BDÖZ) və boru kəməri marşrutu boyunca irimiqyaslı işlər gedir. Xüsusilə də platforma üst modulları və dayaq blokları uyğun olaraq ATA və BDÖZ-ün istehsalat sahələrində qurulur.