Həmin o Elxan...

14 May 2015 16:43 (UTC+04:00)

Tarixi gerçəklik. 1985-ci ildə Rusiya Federasiyasının 4-cü ordusundakı 366-cı motoatıcı alay Gəncədən Xankəndinə köçürülür. 1991-ci ildə podpolkovnik Yuri Zarviqorov 1800 hərbçinin xidmət göstərdiyi alaya komandir təyin edilir.

1992-ci ilin fevralında bu bədnam alayda 630 hərbçi xidmət göstərir. 129 zabitdən 49-u erməni olur. Şahid ifadələrinə görə, həmin vaxt alayın şəxsi heyəti və hərbi texnikası faktiki olaraq qanunsuz erməni hərbi birləşmələrinin tabeliyinə keçir. Rus ordusunun döyüş əməliyyatlarının konkret məzənnəsi də müəyən edilir. Ruslar Şuşanı hər top atəşinə tutanda ermənilərdən 20 litr spirt alırlar. Azərbaycanlılara qarşı döyüş əməliyyatında iştirak edən hər BTR-in haqqı 5000 rubl olur. Yaşayış məntəqələrinin gülləbaran edilməsi üçün düşmən hər dəfə min rubl ödəyir. Muzdlu rus ordusunu irəli verən işğalçılar Qarabağın Meşəli, Malıbəyli, Kərkicahan, Qaradağlı yaşayış məskənlərini işğal edir, Xocalını yerlə yeksan edirlər. Xocalı soyqırımı zamanı 613 nəfər azərbaycanlı, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca vəhşicəsinə qətlə yetirilir. 1275 nəfər əsir və girov götürülür, 150 qız-gəlinin taleyi isə bugünə qədər naməlumdur. Həmin gecə 487 nəfər şikəst edilir. Bu, xüsusi qəddarlıqla aparılan və bugünə qədər də davam edən, torpaqlarımızın 20 faizinin işğalı ilə müvəqqəti dayandırılsa da hələ rəsmi olaraq, həm də faktiki olaraq bitməyən, atəşkəs rejiminin pozulması və günahsız oğullarımızın şəhid olması ilə davam edən Qarabağ müharibəsinin bircə epizodudur. Yaşadığımız, gördüyümüz və bildiyimiz tarix. Son 20 ildə yaşadıqlarımız və gördüklərimiz həm də Azərbaycan tərəfinin Qarabağı qaytarmaq, münaqişəni həll etmək istəyi, bu yöndə atılan addımlar, davamlı müzakirələrdir.

***

Bugünlərdə Qarabağı qaytarmaq istəyimizin bədii həlli istiqamətində bir maraqlı hadisə də baş verdi. Faşist Almaniyası üzərindəki qələbənin 70-ci ildönümündə Azərbaycan kinematoqrafçıları hər iki savaşı əhatələyən yeni bir film təqdim etdilər. Qarabağ gerçəyinin uğurlu kino versiyası sayılan “Dolu” filminin rejissoru Elxan Cəfərovun yeni filmi - “Yarımçıq xatirələr” miqyas baxımından daha geniş, sənətkarlıq baxımından daha mükəmməl bir ekran əsəridir. Filmin sənət məziyyətlərinə sözsüz ki, şünaslar qiymət verəsidirlər. Amma qeyri-mütəxəssislərin belə əminliklə söyləyə biləcəyi bir fakt var - “Yarımçıq xatirələr” kino sənətinin ən qəliz məqamlarına ustadcasına bələd olan rejissorun işə istedadlı münasibətinin, uğur qazanmaq istəyinin, zəhmətin, zəhmətin, bir də zəhmətin real nəticəsidir. Hadisələr iki məkanda cərəyan edir – Belarus və Azərbaycanda. Ekrana gələn qanlı döyüşlər – ikinci dünya müharibəsinin və Qarabağ savaşının epizodlarıdır. Vaxtilə faşistlərə qarşı mübarizə aparan veteran Qarabağda – doğma kəndini düşməndən qoruyan zaman əsl qəhrəman kimi həlak olur. Elə həmin epizoddan tamaşaçı da hadisələrin əsirinə çevrilir. Film başa çatanacan vaxtın necə keçdiyini hiss etmək olmur. Bir də inanmaq olmur. İnanmaq olmur ki, ağır texninanın qatıldığı batal səhnələri, tam dəqiqliklə işlənmiş hərbi tryukları, kütləvi döyüşləri ekranda canlandıran bizim öz milli kadrımızdır - bu nəhəng kütləvi işə məharətlə rəhbərlik edən kinorejissor Elxan Cəfərov. Film lokal milli münaqiəni tam başqa bir aspektdən işıqlandırır – zabit şərəfi baxımından. Vaxtilə eyni cəbhədə döyüşən insanlar indi cəbhə xəttinin müxtəlif tərəflərindədir. Amma unudulmayan, üstündən adlayıb keçilməyən hansısa məqamlar var. Elə həmin mənfur 366-cı alayın bir zabiti qətlə yetirdiyi azərbaycanlı zabitin xatirəsi naminə canını risqə qoyur, öz torpağı uğrunda həlak olan qəhrəman qocanın meyitini sahiblərinə qaytarır.

Yavər Rzayevlə Konstantin Vorobyovun birgə yazdığı ssenaridəki bu əsas olay gercəkdi, ya yox – bilmirəm. Daha çox təxəyyül məhsuluna bənzəyir. Gerçək olsaydı indiyəcən xəbər tutardıq hər halda. Desəm ki inandırıcı deyil – o da düz olmaz. Yüzlərlə qaniçən arasında 1-2 namuslu zabit ola bilər, heç şübhəsiz. Konkret bildiyimsə odur ki, ssenaridə müəyyən qüsurlar olsa belə kinorejissor Elxan Cəfərov milli kinomuza xidmət edərək müharibə mövzusunda ağır, böyük, çətin və uğurlu bir iş qoyub ortaya. Polad Bülbüloğlunun bənzərsiz musiqisi, peşəkar operator işi, uğurlu aktyor seçimi və bütün bunların böyük olmayan büdcə hesabına başa gəlməsi məlum faktı bir daha təsdiqləyir. Elxan Cəfərov istedadlı insandır. Elədi, düz bilirsiniz, o, həmin Elxandı – bir çox ölkələrdə nümayiş olunan “Dolu”nun müəllifi, həm də bizim nəslin “Şir evdən getdi”, “Mən mahnı bəstələyirəm” kimi uşaq filmlərindən yaxşı tanıdığımız Elxan, mərhum həmkarımız Mailə Muradxanlının oğlu...

P.S. Afişaları mütləq izləyin. Yeni dava filminə baxmağınız məsləhətdir.

Afaq Vasifqızı