Kəmaləddin Heydərov Türkiyənin ordu generalı ilə görüşüb

18 May 2015 18:27 (UTC+04:00)

Bu gün Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türkiyənin Hərbi akademiyalar komandanı ordu generalı Abdullah Recepin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, K.Heydərov qonaqları səmimiyyətlə salamlayaraq, Azərbaycan FHN-in fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində gördüyü işlər barədə ümumi məlumat verib. Nazir Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən yaradılmış Fövqəladə Hallar Nazirliyinin Akademiyasının fəaliyyəti haqqında söhbət açıb, bu ali təhsil ocağı ilə Türkiyə Respublikasının müvafiq təhsil müəssisələri arasında əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıb.

Səmimi görüşə görə təşəkkürünü bildirən A.Recep qardaş ölkənin müvafiq qurumlarının Azərbaycan FHN ilə mövcud əməkdaşlığının yüksək səviyyədə olduğunu bildirib, xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanması istiqamətində böyük imkanların mövcudluğunu qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.