Atletlər kəndində yeni poçt şöbəsi istifadəyə verilir

19 May 2015 15:33 (UTC+04:00)

Azərbaycan Bakı-2015 Avropa Oyunlarında iştirak etmək üçün Bakıya gələcək idmançıların rahatlığı üçün bütün zəruri tədbirlər həyata keçirib. Ən yüksək tələblərə cavab verən müasir idman arenaları ilə yanaşı, idmançıların qalması üçün nəzərdə tutulan Atletlər kəndində bütün işlər ən incə detallarına qədər nəzərə alınıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Atletlər kəndi idmançıları və komanda rəsmilərini təhlükəsiz, rahat, mehriban və stressdən kənar yaşayış mühiti ilə təmin edəcək. “Evdən kənar ev” sayılacaq bu məkan yarışlara və hazırlıqlara diqqəti cəmləyə bilmək və Oyunlardan zövq almaq üçün iştirakçılara yaxşı imkan yaradacaq. Burada onların bütün televiziya kanallarına baxması, sürətli internet xidmətlərinə çıxışının təmin edilməsi məqsədilə bütün texniki işlər həyata keçirilib. Bütün idman arenaları, o cümlədən Atletlər kəndinə optik kabellər çəkilib. Burada şəhərlərarası və beynəlxalq telefon rabitəsi xidmətlərindən istifadə üçün müasir taksofon aparatları da qurulub.

Bundan başqa, atletlərin informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi ilə yanaşı, onların poçt rabitəsi xidmətlərindən yararlanması üçün yaxın günlərdə müasir poçt şöbəsi də istifadəyə veriləcək. Poçt şöbəsində idmançılara bütün poçt xidmətləri göstərilməsinə imkan yaradılacaq. Şöbə müasir avadanlıq və mebellərlə təmin ediləcək. Artıq poçt şöbəsinin yerləşəcəyi otaqda son tamamlanma işləri aparılır.

Qeyd edək ki, Atletlər kəndi yeni tikilən 8-13 mərtəbəli 13 binadan ibarətdir. Hər binanın birinci mərtəbəsində ümumi istirahət mərkəzi yaradılıb. İyunun 12-dən 28-dək Azərbaycanın ev sahibliyi edəcəyi birinci Avropa Oyunlarının proqramına 20 idman növü daxil edilib. On yeddi gün ərzində Avropadan 6 mindən çox idmançı yarışların mükafatları uğrunda mübarizə aparacaq. İdmanın 12 növü üzrə 2016-cı ildə keçiriləcək Rio-de-Janeyroda təşkil olunacaq Yay Olimpiya Oyunları üçün təsnifat imkanları yaradılacaq. Avropa Oyunlarının keçirilməsi Bakı şəhərinə Avropa Olimpiya Komitəsi tərəfindən 2012-ci ilin dekabrında həvalə olunub.