İŞİD-çilərə hökm oxundu

20 May 2015 11:39 (UTC+04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının tərkibində Suriyada Bəşər Əsədə qarşı döyüşməkdə təqsirli bilinən Hüseyn Məmmədov və Nicat Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə Hüseyn Məmmədov 14 il, Nicat Abbasov isə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, habelə, tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə və başqa hüquqazidd əməllərinin törədilməsinə görə ümumilikdə 26 nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılıb. Onlar Suriyada, Pakistanda və İraqda İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının tərkibində döyüşüblər. Həbs olunanların cinayət işləri ayrı-ayrı icraatlarda məhkəməyə göndərilir.

Hacı Zeynalov