Problemli kreditlər: Ağ yalanlar və real rəqəmlər... – Fikrət Yusifov yazır

22 May 2015 21:24 (UTC+04:00)

Problemli kreditlər həmişə olub, bu gün də var, sabah da olacaq... Son günlər mətbuatın aktual mövzularından birinə çevrilmiş mövzu ətrafında “əli qələm” tutan hər kəs yazır... Yazsınlar, kim nə deyir ki, ancaq mövcud reallıqları şişirdib onlardan siyasi oyunbazlıq etmək üçün istifadə etməsinlər... Belə olanda yazılan mövzunun mahiyyəti bir kənara atılır, ortada ancaq diqqəti cəlb edə biləcək pafoslu fikirlər qalır.

Təcrübə göstərir ki, özünü cəmiyyətə iqtisadçı qismində təqdim edən, əslində bu sahədən tamamilə uzaq olan adamlarda yalan danışmaq, əsassız iddialar irəli sürmək və havadan rəqəmlər uydurub ictimaiyyətə təqdim etmək artıq vərdiş halını alıb. Bundan əvvəlki yazılarımızda belə adamların “təhlillərini” ifşa etsək də, bundan nəticə çıxardıqlarını hələ ki, müşahidə etmirik. Qəribə qaydadır: - Danışdığın yalan konkret faktlarla ifşa oluna və sən buna görə cavab vermək əvəzinə, yalanlarını davam etdirəsən. Özü də bu adamlar danışdıqları yalanlarla sosial şəbəkələrin qəhrəmanlarına çevriliblər. Havadan götürülmüş bir rəqəm səsləndirirlər, iqtisadiyyatdan, maliyyə sistemindən, mühasibatlıqdan təsəvvürü olmayan insanlar da başlayırlar onlara tərif yağdırmağa. Güya ki, bu adamlar böyük cəsarət göstərib heç kəsin tapa bilməyəcəyi rəqəmləri üzə çıxarıblar. Əslində isə həmin bu “qəhrəman iqtisadçılar” bəzilərinin, necə deyərlər, zəif damarını tutaraq cəfəng fikirlər səsləndirir, mənbəsi, istinad nöqtəsi olmayan rəqəmlərlə insanların həm də ictimai-siyasi ruhuna təsir göstərməyə çalışırlar. Belə “qabiliyyət” sahibləri az deyil.

Əgər sərt tənqidlər və ağ yalanların ifşa olunması belə bu adamları öz yollarından döndərə bilmirsə, deməli, problem halını almış bu məsələnin həllinin başqa yollarını axtarıb tapmaq lazımdır. Fikrimizcə, burada söhbət yalnız məsələnin hüquqi yolla tənzimlənməsindən gedə bilər. Mövcud Cinayət Məcəlləsində yalan informasiya ilə bağlı müəyyən məqamlar təbii ki, var. Lakin apardığımız araşdırmalar göstərir ki, onların hər dəfə bu cür situasiyaların nizamlanması məqsədilə istifadə olunması mexanizmi kifayət qədər çevik və işlək deyil. Burada söhbət konkret olaraq heç bir mənbəyə söykənmədən “havadan götürülmuş” məlumatların və ya mövcud rəsmi mənbədəki informasiyaların ciddi şəkildə təhrif olunaraq cəmiyyətə ötürülməsindən gedir. Təəssüf ki, bu fəaliyyət növünə üstünlük verənlər bəzi hallarda öz məqsədlərinə çata bilirlər. Bəs bu vəziyyətin nizamlanmasının hansı yolları ola bilər? Fikrimizcə, mövcud Qanuna cəmiyyətə yalan informasiyalar təqdim edən və bu yolla insanlar arasında çaşqınlıq yaradaraq dövlətə bu və ya digər formada zərər vurmağa çalışanların əməllərinə hüquqi qiymət verən əlavələr olunmalı və yaxud bununla bağlı yeni qanunvericilik aktı qəbul edilməlidir. Bu sənəd hər kəsin mətbuat vasitəsilə cəmiyyətə ötürdüyü fikirlərin məsuliyyətini müəyyən etməlidir. Bax, onda yalan informasiyaları cəmiyyətə sırımaqla reytinq qazanmaq istəyənlər yazdıqlarının, dediklərinin fərqinə varacaqlar...

Qayıdaq problemli kreditləri cəmiyyətə təqdim edən “ekspertlərin” apardıqları araşdırmalarda bilərəkdən yol verdikləri yalnışlıqlara.

“Azadlıq” qəzeti 14 may 2015 “Əhali kredit borclarını qaytara bilmir” başlıqlı yazıdan: “2014-cü ilin mart ayı ilə müqayisədə verilmiş kreditlərin sayı 32% artıb”.

Faktiki vəziyyət: 2014-cü ilin mart ayı ilə müqaisədə verilmiş kreditlərin sayı cəmi 16,9% artıb... Burada müəllif rəsmi rəqəmi 15,1% şişirdərək cəmiyyətə təqdim edir...

Həmin yazıdan: “Mütəxəssislərin bildirdiyinə görə, maliyyə-kredit təşkilatlarının əhaliyə ayırdığı kreditlərin həcmi ildən-ilə artır. 2014-cü ilin mart ayı ilə müqayisədə verilmiş kreditlərin sayı 32% artıb. Bu da təxminən 7 milyard manata yaxın edir.”

Faktiki vəziyyət: Müəllifin müqaisə etdiyi dövrdə verilən kreditlərin sayının 32% deyil, cəmi 16,9% artdığını yuxarıda qeyd etdik. Bu dövrdə kreditlərin artımı isə müəllifin göstərdiyi kimi 7 milyard manat deyil cəmisi 4,7 milyard manat olub. Deməli bu yazar üçün faktiki rəqəmi 49% şişirtmək heç bir çətinlik yaratmır.

Yenə həmin yazıdan: “Ümumi kredit portfelinin isə 32 faizini problemli kreditlər təşkil edib. Bu isə o deməkdir ki, qısamüddətli kreditlərin, demək olar, hamısını problemli kreditlər təşkil edib və ya uzunmüddətli kreditlərin ödənişində də problemlər yaranmağa başlayıb. Yəni qısamüddətli kreditlər 5 milyard manat, ancaq problemli kreditlər 7 milyard manat təşkil edib”.

Faktiki vəziyyət: Müəllif burada verilən kreditlərin sayındakı 32%-lik artım yalanını (yuxarıda göstərdik ki, bu artım real 16,9% olub) bu dəfə ümumi kredit portfelində problemli kreditlərin xüsusi çəkisi kimi təqdim edir və sonradan belə qənaətə gəlir ki, qısamüddətli kreditlər 5 milyard manat, problemli kreditlər 7 milyard manat təşkil edib. Bəs bu məsələdə həqiqət nədən ibarətdir? Əvvəla qısamüddətli kreditlərin həcmı bu gün 5 milyard manat deyil 4,5 milyard manatdan bir qədər artıqdır. O burada rəqəmi 0,5 milyard manata qədər şişirdir. İkincisi, qısamüddətli kreditlərin hamısının pis kreditlər olduğunu iddia etmək heç bir məntiqə sığmir. Belə çıxır ki, yüz minlərlə kredit götürən fiziki şəxslərdən bir nəfər də götürdüyü krediti vaxtında ödəmir. Bu, absurddur. Problemli kreditləri 7 milyard göstərən müəllifə hesab dərsi kimi bildirir ki, bu rəqəm cəmi 1,2 milyard manatdır. Amma o, bu rəqəmi də 5,8 dəfə şişirdərək cəmiyyətə təqdim edir.

Başqa müəlliflər isə havadan götürdükləri məlumatlarla bu gün bəzi banklarda kredit portfelində problemli kreditlərin az qala 50% təşkil etdiyini, banklar üzrə verilən ümümi kreditlərin 20%-nin problemli kreditlər olduğunu yazırlar. Haradan götürülür bu rəqəmlər? Hansısa bankda deyək ki, doğrudan da problemli kreditlər o bankın ümumi kredit qoyluşunun 50%-nə bərabərdir. Amma bu informasiyanın həmin müəlliflər tərəfindən əldə olunması mümkün deyil. Çünkü bank belə informasiyanı Mərkəzi Bankdan başqa heç kimə verməz.

Bu qəbildən olan faktların – yəni “ekspertlərin” cəmiyyətə sırımaq istədiyi yalanların sayı-hesabı yoxdur. Onlar heç bir məsuliyyət daşımadan cəmiyyəti aldadır və bunu da özlərinə çoxdan peşə seçiblər. Hesab edirik ki, diqqət yönəltdiyimiz bu problemi sözügedən sahəni əhatə edən qanunvericilik bazasının təkmilləşdirmək və sözün məsuliyyətini yaradacaq digər hüququ sənədlər qəbul etməklə aradan qaldırmaq olar. Vəziyyət belə davam edərsə, bu gün Facebookda heç bir mənbəyə söykənməyən statuslar paylaşanlar getdikcə özlərini Adam Smitdən də dahi iqtisadçı hesab edib daha böyük auditoriyalara “dərs” keçmək iddiasına düşəcəklər.

“Ekonomikks” Beynəlxalq İqisadi Araşdırmalar Birliyinin sədri,
Iqtisad elmləri doktoru, professor Fikrət Yusifov