Astanada gömrük sahəsində əməkdaşlıq müzakirə edilib - FOTO

22 May 2015 13:02 (UTC+04:00)

Qazaxıstanın paytaxtında VIII Astana İqtisadi Forumu (AİF) “İnfrastruktur - iqtisadi inkişafın drayveri” mövzusu ilə öz işinə başlayıb. İki gün davam edəcək forum çərçivəsində 30 tədbirin keçirilməsi nəzərdə tutulub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, forumda Qazaxıstan prezidenti Nursultan Nazarbayev də iştirak edir.

Dünyada mühüm beynəlxalq forumlardan biri sayılan, müasir iqtisadi və sosial problemlərin həlli yollarının araşdırıldığı AİF çərçivəsində iqtisadi-maliyyə sabitliyi, innovasiya, infrastruktur, investisiya və iqtisadi artımın tənzimlənməsi, dünya iqtisadiyyatının gələcəyi və zəruri hərəkətlər, risklər şəraitində neftin qiymətlərinin azaldılması və davamlı inkişaf məsələləri müzakirə olunur.

Forumda tanınmış siyasətçilər, fəaliyyətdə olan və keçmiş dövlət və hökumət başçıları, iri maliyyə institutlarının rəhbərləri iştirak edir.

Ümumilikdə, AİF-ə 150 ölkədən 10 mindən çox nümayəndə, o cümlədən Nobel mükafatı laureatları, alimlər və jurnalistlər, siyasətçilər, müəssisələrin icraçı direktorları qatılıblar.

Forumda ölkəmizi Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov, Dövlət Gömrük Komitəsi Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev, Aksiz Baş Gömrük İdarəsinin rəisi Ehtiram Xəlilov, Sədərək Gömrük İdarəsinin rəisi Mirməhəmməd Seyidovdan ibarət nümayəndə heyəti təmsil edir.

VIII Astana İqtisadi Forumu çərçivəsində “Avropa Regional Forumu-tərəfdaşlıq: gömrük və biznes” mövzusunda sessiya keçirilib.

İqbal Babayev sessiya çərçivəsində keçirilən “Gömrük və biznes əməkdaşlığı: investorların cəlb edilməsi” panelinə moderatorluq edib. Sonra İ. Babayev “Biznes və gömrük tərəfdaşlığında layihələrin idarə olunmasının əsas prinsipləri” mövzusunda təqdimat edib.

Paneldə gömrük sahəsində əməkdaşlıq, biznesin inkişafı, regional və qlobal rəqabət qabiliyyətinin yaxşılaşdırılması mövzularında müzakirələr aparılıb.

Naibə QURBANOVA