Dostuna görə adam öldürənin işindən yeni xəbər

22 May 2015 15:08 (UTC+04:00)

Ali Məhkəmədə qəsdən adam öldürməkdə təqsirli bilinən Mingəçevir şəhər sakini, 1990-cı il təvəllüdlü Kamran Hüseynlinin işinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Kamran Hüseynli 2013-cü ilin iyulun 1-də həmyerlisi Tural Mahmudovu bıçaqlayıb. Kamran Hüseynlinin dostu Ziya Ziyazadə Atəş Abduləzizovla mübahisə edib. Kamran da davanın şahidi olan Ceyhun İsgəndərovdan hadisənin səbəbini soruşub.

Onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Ceyhun Kamranı vurub qaçıb. Kamran da onun arxasınca söyüb. Bu söyüşləri C.İsgəndərovun xalası oğlu Tural Mahmudov eşidib və Kamran Hüseynliyə hücum edib. Kamran Turalı bıçaqlayıb öldürüb.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamran Hüseynli 9 il müddətinə azadlıqdan məhrum edilib. Baş Prokurorluq Kamranın cəzasının ağırlaşdırılması ilə bağlı verdiyi apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsində baxılıb. Prokurorluq Kamran Hüseynlinin 15 ilə qədər azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmənin qərarı ilə prokurorluğun şikayəti yenə də qismən təmin edilib və müttəhimə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qərardan prokurorluq narazı qalaraq Ali Məhkəməyə kasasiya şikayəti verib. Prokurorluq Kamran Hüseynlinin cəzasının ağırlaşdırılmasını istəyib.

Hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, protest təmin edilməyib.

Hacı Zeynalov