Elmar Məmmədyarov: "Dağlıq Qarabağ problemi artıq yetişib"

25 May 2015 14:46 (UTC+04:00)

Dağlıq Qarabağ problemi artıq yetişib və onu həll etmək lazımdır.

Trend-in Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi saytına istinadən verdiyi məlumata əsasən, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Moskvada rusiyalı həmkarı Sergey Lavrov ilə keçirdiyi danışıqların yekunu üzrə təşkil edilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, iki gün ərzində bu problemlə bağlı əhəmiyyətli müzakirələr aparılıb: “Bu məsələ ilə bağlı həmkarımın nitqində səslənən optimizm notlarını mən də bölüşürəm. Bu münaqişənin irəliləməsi üçün bütün imkanları detallı nəzərdən keçirmişik”.

S.Lavrov isə bildirib ki, münaqişənin çox uzanmasını heç kim inkar etmir və hamı razıdır ki, razılıq əldə etmək üçün real baza var, məsələ yalnız bu anlayışı saziş dilinə köçürməkdir: “Dünən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yanaşmaları bir neçə saat müzakirə etmişik. Tərəflərin bütün işləri hazırdır, həmsədrlər tərəflərin təkliflərini nəzərə alıb və mən danışıqlar prosesinə artan optimizmlə baxıram”.