Bankın sabiq əməkdaşı məhkəmə qərarından şikayət verdi

25 May 2015 16:02 (UTC+04:00)

Bakı Apelyasiya Məhkəməsində “Parabank” Açıq Səhmdar Cəmiyyətinin Nizami filialının sabiq kredit mütəxəssisi Orxan Uğurluzadənin apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.


Teleqraf.com xəbər verir ki, Orxan Uğurluzadə bir neçə nəfərlə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək müvafiq sənədlərin məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə səlahiyyətlərindən sui-istifadə edib aldatma yolu ilə 228 şəxsə kreditlərin ayrılmasına nail olaraq ümumilikdə 127 min 804 manat məbləğində banka məxsus külli miqdarda əmlakı ələ keçirib.

Orxan Uğurluzadəyə Cinayət Məcəlləsinin 178.3.2 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrinə əsasən ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Uğurluzadə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Orxan Uğurluzadə apelyasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə apelyasiya şikayəti üzrə ilkin baxış iclasında apelyasiya şikayətlərinə məhkəmə istintaqı aparılmadan baxılması barədə qərar qəbul edilib. Qərardan narazı qalan Orxan Uğurluzadə kasasiya şikayəti verib. O, Ali Məhkəməyə göndərdiyi şikayətində apelyasiya instansiyasında işinə məhkəmə istintaqı aparılmaqla baxılmasını istəyib.

Apelyasiya instansiyasında iş dayandırılıb və cinayət işinin materialları Ali Məhkəməyə göndərilib.

Hacı Zeynalov