Qazaxıstan səfiri Allahşükür Paşazadədən xeyir-dua aldı

26 May 2015 18:39 (UTC+04:00)

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayevi qəbul edib.

İdarənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Qazaxıstanın ölkəmizə yeni təyin olunmuş səfirini səmimi salamlayan QMİ sədri qardaş ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, dini-mənəvi sahədə də qarşılıqlı əlaqələrin inkişaf səviyyəsindən məmnunluğunu bildirib. Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin müdrik dövlətçilik təcrübəsi sayəsində qardaş ölkənin siyasi, iqtisadi, sosial sahələrdə qazandığı uğurlarına ürəkdən şad olduğunu bildirən A.Paşazadə hər dəfə qazax torpağına etdiyi səfərləri zamanı sürətli inkişafın şahidi olduğunu səfirin diqqətinə çatdırıb.

Ölkəmizdə milli-mənəvi dəyərlərin dirçəldilməsi və tarixi-mədəni irsin qorunması yönündə görülən böyük miqyaslı işlər barədə səfiri məlumatlandıran QMİ sədri dinlərarası dialoq işinə də ali diqqət göstərildiyini, dövlətimizin bu sahədə də lider rol oynadığını, qlobal əhəmiyyətli təşəbbüslərlə çıxış etdiyini fəxarətlə qeyd edib.

Daha sonra QMİ sədri qonağı Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti və dinlərarası dialoq prosesində iştirakı barədə məlumatlandırıb.

Səfir Prezident N.Nazarbayevin Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin şəxsiyyətinə yüksək dəyər verdiyini, onu həqiqi lider kimi səciyyələndirdiyini xüsusi vurğulayıb. Ümummilli liderin bünövrəsini qoyduğu müdrik dövlətçilik siyasətini hazırda layiqli şəkildə davam etdirən Prezident İlham Əliyevin Azərbaycan-Qazaxıstan əlaqələrinin daha da dərinləşdirilməsi istiqamətində də səylərindən razılıqlarını bildirib.

Qazaxıstanlı səfir Şeyxülislam A.Paşazadənin şəxsiyyətinə böyük dəyər verdiyini, Azərbaycanda ilk olaraq ziyarət etdiyi məqamlardan biri kimi onun xeyir-duasını almağı özü üçün vacib saydığını bildirib. QMİ sədrinin təkcə Azərbaycan deyil, region dövlətlərində böyük nüfuz sahibi olduğunu qeyd edən diplomat Qafqazın müdrik ağsaqqalının bu yaxınlarda Qazaxıstanın paytaxtında keçiriləcək Dünya və ənənəvi dinlərin liderlərinin V Qurultayında iştirak qərarından məmnunluğunu diqqətə çatdırıb.

Səmimi şəraitdə keçən görüşün sonunda xatirə hədiyyələri təqdim olunub.