"Bakı 2015" Avropa Oyunları Yeni Zellandiyada da yayımlanacaq

31 May 2015 01:27 (UTC+04:00)

Bu gün Bakı 2015, 12-28 iyun tarixində keçiriləcək birinci Avropa Oyunlarını Yeni Zellandiyada tamaşaçıların izləməsinə imkan yaradacaq yayım müqaviləsi imzaladı.

Trend-in məlumatına görə, Yeni Zellandiyanın SKY televiziya kanalı Bakı 2015 yarışlarını yayımlamaq üçün hüquq əldə edən qeyri-Avropa televiziya şəbəkələri arasında yer alan növbəti şirkət oldu. Bu müqaviləyə əsasən, SKY Sportun iki xüsusi səyyar kanalı, Oyunların eksklüziv görüntülərini tədbir davam etdiyi müddət ərzində ölkənin müxtəlif yerlərinə çatdıracaq.

Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, SKY TV ilə ən son bağlanmış müqavilə dünyanın hər yerindəki idman azarkeşlərinin Avropa Oyunlarına göstərdiyi böyük marağı bir daha təsdiq edir:

“Mən, bu cür nüfuzlu televiziya şəbəkəsini yayım tərəfdaşlarımızın sırasında görməyə şadam və Yeni Zellandiyadakı izləyicilərin gələn ay keçiriləcək yarışlardan zövq alacağına əminəm”.

SKY-ın İdman şöbəsinin direktoru Riçard Last bildirib: “Biz, öz tamaşaçılarımıza hər zaman yeni və maraqlı idman buraxılışları təqdim etməyə çalışırıq. Bakı 2015-in bu siyahıya əlavə olunması isə SKY Sport-a innovativ və fərqli proqram sistemi gətirdiyimizə gözəl nümunədir”.

Yeni Zellandiya, Amerika, Ərəb ölkələri, Çin, Hindistan, Avstraliya və Yaponiyada da daxil olmaqla, Avropanın hüdudlarından kənarda Oyunları yayımlamaq üçün müqavilə imzalamış ölkələrin sırasına qoşulur.