“Türkiyə erkən seçkilərə gedəcək”

8 İyun 2015 13:24 (UTC+04:00)

Yusif Bağırzadə: “AKP istəyirdi ki, gələcəkdə prezidentli respublika quruluşuna keçilsin”

“Türkiyədə parlament seçkilərim keçirildi. Türkiyənin siyasi quruluşu parlamentli respublika olduğu səbəbindən seçkilər xüsusi əhəmiyyət daşıyırdı. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) 13 illik hakimiyyətin zirvəsində olduğundan bu seçki onlar üçün çox əhəmiyyətli idi. Çünki bu seçkilərdə AKP əvvəlki seçkilərlə müqayisədə daha çox səs alsaydı və tək partiyalı hökumət qura bilsəydi, prezidentli respublikaya keçid məsələsini siyasi gündəmə daşıyacaqdı”. Bunu iyunun 7-də Türkiyədə keçirilən parlament seçkilərinin nəticələrini şərh edən AMİP sədri Yusif Bağırzadə dilə gətirib.

Yusif Bağırzadə xatırladıb ki, AKP hakimiyyətə gəldikdən sonra Avropa Birliyinin təklifi və özünün təşəbbüsü ilə Türkiyə Konstitusiyasında dəyişiklik edib: “Bu dəyişikliyə əsasən hərbçilərin hökumətin yaradılmasında iştirakı, onun fəaliyyətinə son qoymaq kimi imkanlarını itirdi. Beləliklə referendumla bu hüquq hərbçilərdən alındı və Türkiyə Böyük Millət Məclisinə verildi. AKP istəyirdi ki, gələcəkdə prezidentli respublika quruluşuna keçilsin və bu hüquq da prezidentə versin. Çünki Türkiyədə etnik qruplar kifayət qədər şəbəkələşir, fərqli fəaliyyətdə olur. Bu səbəbdən də istənilirdi ki, güclü prezident hakimiyyəti yaradılsın. Ancaq seçkinin nəticələri göstərir ki, bu baş tutmayacaq, çünki AKP istədiyi və gözlədiyi qədər səs toplaya bilmədi”.

AMİP sədrinin fikrincə, AKP-nin əvvəlki illərlə müqayisədə istədiyi qədər səs toplaya bilməməsinin obyektiv və subyektiv səbəbləri var. Onun fikrincə, qanunvericiliklə prezident seçkilər prosesinə qatıla və tərəf ola bilməz: “Ərdoğan prezident seçildikdən sonra Əhməd Davudoğlu AKP rəhbərliyinə gətirildi. Ancaq Davudoğlu natiq olmadığına, seçki təbliğatını düzgün qurmadığına görə, arzu etdikləri qədər səs toplaya bilmədi. Əslində seçkinin nəticələrinə görə, Türkiyədə koalisiyon hökumət qurulmalıdır. Hazırda Türkiyə cəmiyyəti və mediası bu haqda müzakirələr açıb. Ancaq belə bir hökumətin qurulması real görünmür. Çünki AKP, MHP və CHP-nin dövlət idarəçiliyi ilə bağlı fikirləri fərqlidir. Məsələn, bu partiyaların bəziləri prezidentli respublika, bəziləri parlamentli respublika quruluşuna üstünlük verir. Odur ki, koalisiya yaradılması əsaslı görünmür. Bu mənada hesab edirəm ki, Türkiyə erkən seçkilərə gedəcək”.

Bağırzadə sonda vurğulayıb ki, Türk Axını deyilən layihənin taleyi də bu seçkilərdən çox asılıdır.

Nemət