Evindən 12 kiloqram heroin tapıldı

23 İyun 2015 18:29 (UTC+04:00)

Təqsirləndirilən: “Сibimdən tapılna narkotik mənim idi, sandıqdan çıxan heroindən xəbərim yoxdur”

Gəncə Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqla ölkəmizə narkotik gətirməkdə ittiham olunan Şakir Babayev, Nazir Kərimov və Eltəkin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Şakir Babayev 2013-cü ilin sentyabr ayının axırlarında Göygöl rayonunun Balçılı kəndinin kənarında baxımsız ərazidə yabanı halda bitmiş cətənə bitkilərini un kisəsinə yığaraq evinə gətirib. 12 kiloqram 151,13 qram çəkidə qurudulmuş marixuana hazırlayıb və narkotiki 6,13 qram çəkidə kibrit qutusuna qoyub. Şakir Babayev həmin narkotiki üzərində daşıdığı zaman 3 fevral 2014-cü il tarixdə, saat 00.30-da Gəncə şəhər Baş Polis İdarəsinin Mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinin əməkdaşları tərəfindən həbs edilib. Evinə baxış zamanı sandığın içərisində 12 kiloqram 145 qram qurudulmuş marixuana aşkar edilib.

İstintaq zamanı müəyyən edilib ki, Şakir Babayev 24 yanvar 2014-cü il tarixdə tanışları Nazir Kərimov və Eltəkin Əliyevlə İrandan Azərbaycan ərazisinə gömrük nəzarətindən gizli keçirməklə narkotik vasitə gətirilməsini təşkil edib. O, İrandan narkotik gətirilməsi müqabilində Nazir Kərimova 70 manat verib.
Nazir Kərimov əvvəllər məhkum olunmuş şəxs kimi dövlət sərhədində ciddi yoxlanacağını ehtimal edib və narkotiki Eltəkin Əliyevin gətirməsinə müvəffəq olub.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin müvafiq dörd maddəsi ilə ittiham ediliblər.

“Eltəkinlə Nazir evimə qonaq gəldilər”

Hakim Elman Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə Şakir Babayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, qeyd edib ki, əvvəllər iki dəfə məhkumluq həyatı yaşayıb: “2013-cü ilin iyul ayında azadlığa buraxılmışam. Azadlığa çıxdıqdan sonra heç bir yerdə işləməmişəm. 2014-cü ilin yanvar ayında Nazir Kərimovla razılaşdım ki, İrandan kartof və tomat pastası alaraq satmaq üçün Rusiya Federasiyasına aparaq. Bu məqsədlə Nazir Kərimova 70 manat verdim və onu İran İslam Respublikasına yola saldım.
Yanvarın 26-da Nazir Kərimov Biləsuvar sərhəd məntəqəsindən İran ərazisinə keçib. Sonradan mənə məlum olub ki, Eltəkin Əliyev də yanvarın 31-də Biləsuvar sərhəd məntəqəsindən İrana keçib və orada Nazir Kərimovla görüşüb. Eltəkin Əliyev İranda bir gecə qaldıqdan sonra Nazir Kərimovla birlikdə Biləsuvar gömrük keçid məntəqəsindən Azərbaycana gəlib.

Eltəkinlə Nazir İrandan qayıtdıqdan sonra evimə qonaq gəldilər. Eltəkin dedi ki, İrandan Azərbaycana keçdikdən sonra Biləsuvar ərazisində çayxanada bir nəfər tanımadığı oğlan ona yaxınlaşıb və bildirib ki, onda ağrı kəsici vasitə var. Eltəkinin də ağrıları olduğu üçün həmin vasitəni oğlandan alıb və bunun müqabilində ona 50 manat verib.

Həmin vasitəyə baxanda bildik ki, bu, heroindir. Nazir narkotik vasitə istifadəçisi olduğu üçün həmin heroindən bir az götürdü, qaşığın içərisində həll etdi və tibbi iynə ilə damarına vurdu. Heroinin qalanını isə Eltəkin üzərində saxlayıb”.

“Torbada 12 kiloqramdan artıq marixuana olub”

Təqsirləndirilən şəxsin sözlərinə görə, fevralın 3-də, Gəncə şəhər Baş Polis İdarəsinin Mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinin əməkdaşları tərəfindən şəhərin 4-cü mikrorayon ərazisində saxlanılıb və idarəyə aparılıb: “Polislər mənə dedilər ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinirəm. Bu səbəbdən üzərimə və yaşadığım evə baxış keçirilməlidir. Həm üstümə, həm də evimə baxış keçirilməsinə razı oldum. Üzərimə baxış zamanı öz istifadəm üçün cibimdə gəzdirdiyim kibrit qutusuna yığılı qurudulmuş marixuana aşkar edildi.

Sonra yaşadığım evə baxış keçirildi, orada sandığın içindən bir torba tapıldı, içində 12 kiloqramdan artıq qurudulmuş marixuana vardı. Bu marixuana mənə məxsus deyildi. Həmin kütlənin evinə necə gətirilməsindən xəbərim olmayıb”.

“İrandan narkotik vasitə gətirməmişəm”

Elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyən Nazir Kərimov da əvvəllər iki dəfə məhkumluq həyatı yaşadığını xatırladıb. Onun sözlərinə görə, 2013-cü ilin yanvarında azadlığa buraxılıb, heç bir yerdə işləməyib: “2014-cü ilin yanvarında tanışım Şakir Babayev təklif elədi ki, İrandan aldığımız kartof və tomat pastasını Rusiya Federasiyasında sataq. Bu məqsədlə Şakir mənə 70 manat verib İrana yola saldı. Yanvarın 26-da İrana getdim. Tanışım Eltəkin də müalicə olunmaq üçün yanvarın 31-də İrana gəldi. Biz İranın Biləsuvar şəhərində görüşdük. Eltəkin İranda bir gecə qaldıqdan sonra birlikdə Azərbaycana qayıtdıq”.

Təqsirləndirilən şəxs daha sonra ifadəsində qeyd edib ki, Azərbaycana döndükdən sonra Eltəkinlə birlikdə Şakirgilə qonaq gediblər. Onun sözlərinə görə, Eltəkinin yolda ağrı kəsici adı ilə narkotik vasitəni almağını orada bilib: “Heç bir zaman satış məqsədilə İrandan narkotik vasitə gətirməmişəm və bu məqsədlə kimlə əlbir olmamışam”.

Eltəkin Əliyev də elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, İrandan narkotik gətirdiyini etiraf etməyib: “Müalicə olunmaq üçün yanvarın 31-də İrana getmişəm. Nazirin həmin vaxt İranda olduğunu bildiyim üçün onunla görüşdüm. Həmin gecəni Biləsuvarda gecələyəndən sonra birlikdə Azərbaycana qayıtdıq.

Azərbaycan tərəfə keçdikdən sonra çayxanada bir nəfər tanımadığım oğlan mənə yaxınlaşdı. Həmin oğlan bildirdi ki, onda ağrı kəsici vasitə var. Ağrılarım olduğu üçün həmin vasitəni oğlandan 50 manat müqabilində aldım. Bu barədə Nazirə heç nə deməmişəm.

Biləsuvardan birbaşa Gəncə şəhərinə gəldik və Şakirgildə hər üçümüz birlikdə görüşdük. Orada Nazirə və Şakirə bildirdim ki, Biləsuvar şəhərində çayxanada tanımadığım bir oğlandan ağrıkəsici vasitə almışam. Həmin vasitəyə baxanda bildim ki, bu ağrı kəsici maddə narkotik vasitə olan heroindir”.

Məhkəmənin hökmü ilə Şakir Babayev 9 il 6 ay, Nazir Kərimov 8 il, Eltəkin Əliyev 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hacı Zeynalov