Dəniz yolu ilə qaçaqmal gətirənlər saxlanıldı

30 İyun 2015 12:48 (UTC+04:00)

İyun ayında sərhədçilər tərəfindən dəniz yolu ilə ölkəmizə qaçaqmal gətirməyə cəhd göstərmiş cinayətkar qruplar zərərsizləşdirilib.

DSX-nın mətbuat mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, belə ki, iyunun 19-da DSX Sahil Mühafizəsinin “Müqtədir” sahil nəzarət məntəqəsinin xidməti sahəsindən Rusiyadan dəniz yolu ilə qayıqla qaçaqmalın gətiriləcəyi barədə əldə olunmuş məlumata əsasən sahilboyu ərazi qapanıb, sərhəd gözətçi gəmisi vasitəsilə ərazi müşahidə altına götürülüb. Keçirilmiş tədbirlər nəticəsində iyunun 20-də saat 01:00 radələrində mühərrikli qayıqla 804 kq nərə cinsli və 7 kq hisə verilmiş balıq, 2,4 kq qara kürü gətirmiş 8 nəfərdən ibarət qrup saxlanılıb.

İyunun 29-da saat 09:30 radələrində DSX Sahil Mühafizəsinin “Balıqçılar” sahil nəzarət məntəqəsinin xidməti sahəsində dənizdən qayıdan balıqçı qayığının sənədləşdirilməsi zamanı 2 nəfərdən ibarət heyət üzvünün hərəkətləri sərhəd naryadında şübhə doğurduğu üçün qayığa əsaslı baxış keçirilib, qayığın burun və orta hissələrində xüsusi düzəldilmiş gizli saxlanc yerləri aşkar edilib. Gizli yerlərə baxış zamanı 36 ədəd bağlamada ümumi çəkisi 1550 qram narkotik maddə olan qurudulmuş marixuana, 4600 qutu “Kent”, 2000 qutu “MM” markalı siqaretləri, 5970 konvalyut “Altram-200”adlı dərman preparatı, 15 ədəd “Samsung-Galaxy” markalı mobil telefon aşkar olunaraq götürülüb. İlkin araşdırma zamanı qaçaqmalın şəbəkə qrup tərəfindən dəniz yolu ilə İrandan gətirildiyi müəyyən edilib.

Hər iki fakt üzrə DSX-nın İstintaq və Təhqiqat İdarəsi tərəfindən cinayət işi qaldırılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

BƏXTİYAR