24 ölkədə 71 jurnalist öldürülüb

2 İyul 2015 19:33 (UTC+04:00)

Bu ilin ilk 6 ayı ərzində 24 ölkədə 71 jurnalist öldürülüb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatında (BMT) xüsusi məsləhətçi statusuna malik olan, mərkəzi Cenevrədə yerləşən Mətbuat Emblem Kampaniyası (PEC) qeyri-hökumət təşkilatı açıqlayıb.

Hesabatda Yaxın Şərq və Şimali Afrika jurnalistlər üçün ən ölümcül region kimi göstərilib. İlin ilk yarısında Liviyada 8, Yəməndə 6, İraqda 6, Suriyada 2 və Qəzzada 1 olmaq üzrə 23 jurnalist öldürülüb.

İkinci təhlükəli yer kimi göstərilən Latın Amerikası ölkəsi olan Meksikada 4, Honduras, Qvatemala və Brazilyanın hər birində 3, Kolumbiyada 2, Paraqvay və Dominikan Respublikasında 1 jurnalist həyatını itirib.

Jurnalistlər üçün ilin ilk 6 ayında üçüncü ən təhlükəli regionun isə Avropa olduğu açıqlanıb. Fransada “Şarli Hebdo” hücumu zamanı 8, qarşıdurmaların davam etdiyi Ukraynada 4, Polşada isə 1 jurnalist olmaq üzrə 13 mətbuat işçisi öldürülüb.

  1. Qeyd edək ki, keçən il dünya üzrə 32 ölkədə 138 jurnalist öldürülüb.

Samir