Türkiyə Elmlər Akademiyası alimlər üçün müsabiqə elan edir

4 İyul 2015 23:27 (UTC+04:00)

Türkiyə Elmlər Akademiyası (TÜBA) görkəmli alimlər üçün “TÜBA akademiya mükafatı” müsabiqəsini elan edir.

Hər il fundamental elmlər, mühəndislik, tibb, ictimai və humanitar elmlər üzrə hər sahədən bir alimə “TÜBA akademiya mükafatı” verilir.

Teleqraf.com xəbər verir ki, mükafata namizədlər TÜBA üzvləri, TÜBA-nın əməkdaşlıq etdiyi akademiyalararası təşkilatlar və digər elmi institutlar tərəfindən irəli sürülür. TÜBA üzvləri və mükafatın seçilməsi prosesində iştirak edən alimlərin namizədliyi irəli sürülə bilməz. Hər kateqoriya üzrə namizədlər mükafat komitəsi tərəfindən qiymətləndirilir. Namizədlərin işləri TÜBA üzvləri və tanınmış alimlərdən ibarət komitələr tərəfindən ekspertlər cəlb edilərək ciddi təhlil olunur və mükafatın mümkün laureatı müəyyənləşdirilir. Laureatlar TÜBA akademiya şurası tərəfindən elan edilir. Akademiya medalı və hər biri 30.000 ABŞ dolları məbləğində pul mükafatından ibarət akademiya mükafatı xüsusi mərasimdə təqdim olunur.

Cari ilin akademiya mükafatı üçün namizədlər avqustun 16-dək irəli sürülə bilər. Laureatlar noyabrda elan ediləcəklər. Mükafatlandırma mərasimi dekabrın birinci yarısında olacaq.

Azərbaycan Milli Elmlər Akademiyası da TÜBA akademiya mükafatının hər bir elmi istiqaməti üzrə orijinal və aparıcı işləri olan tanınmış alimin namizədliyini irəli sürməyə dəvət edilib. Bunun üçün namizədin tam CV forması və mükafata namizədliyini dəstəkləyən məktub tələb olunur.


Namizədlər sənədlərini elektron poçt vasitəsilə academy.prizes@tuba.gov.tr və ya poçt vasitəsilə Piyade Sokak No: 27 06690 Çankaya-Ankara Türkiyə ünvanına göndərə bilərlər.