Yunanlar Avropa Birliyinə boyun əymədi

7 İyul 2015 11:01 (UTC+04:00)

İyulun 5-də Yunanıstanda kreditorların (Avropa Komissiyası, Avropa Mərkəzi Bankı, Beynəlxalq Valyuta Fondu) təklif etdiyi qənaət proqramına dair referendum keçirilib. Əhalinin əksəriyyəti proqrama "yox" deyib. Referendumda seçicilərin 62,5 faizi iştirak edib. Onların 61,31 faizi proqramın əleyhinə, 38,69 faizi isə lehinə səs verib. Baş nazir Aleksis Tsipras xalqın cəsarətli seçim etdiyini vurğulayaraq kreditorlarla danışıqlar masasına qayıtmağa hazır olduqlarını bəyan edib. O bildirib ki, ilk növbədə bank sisteminin bərpasına və borcun yenidən strukturlaşdırılmasına çalışmaq lazımdır.

Qeyd edək ki, kreditorların planı Yunanıstanda dövlət xərclərinin, xüsusən sosial ödəmələrin kəskin azaldılmasını, vergilərin yüksəldilməsini, borcların maliyyələşdirilməsini və borcların qismən strukturlaşdırılmasını nəzərdə tutur. Xatırladaq ki, Yunanıstanın Avropa Komissiyası, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fonduna 240 milyard avroya yaxın borcu var. Ümumilikdə isə ölkənin xarici borcu 320 milyard avrodur.

Yunanıstanda istefa dalğası

Referendumun nəticələri bəlli olduqdan sonra Yunanıstanın maliyyə naziri Yannis Varufakis istefa verib. Daha bir istefa xəbəri isə ana müxalifətdəki Yeni Demokratiya Partiyasından gəlib. Partiya lideri Antonis Samaras vəzifəsindən getdiyini açıqlayıb. Samarasın müavini Vangelis Meymarakis müvəqqəti olaraq partiya sədrinin səlahiyyətlərinin icrasını üzərinə götürüb. Qeyd edək ki, hər iki şəxs Avropa Birliyinin tələblərinin yerinə yetirilməsinin tərəfdarı kimi tanınır.

Merkel Parisə getdi

Dünən Almaniyanın federal kansleri Angela Merkel Fransa prezidenti Fransua Ollandla Yunanıstanda keçirilən referendumun nəticələrini müzakirə etmək üçün Parisə yollanıb. "Merkel Yunanıstan referendumundan sonra vəziyyəti birgə dəyərləndirmək və bu məsələ üzrə ölkələr üzrə sıx əməkdaşlığı davam etdirmək üçün axşam saatlarında Parisə səfər edəcək", - deyə Almaniya kanslerinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Avrozona liderləri təcili toplanır

Avropa İttifaqı Şurasının sədri Donald Tusk isə Avrozona liderlərini təcili toplantıya çağırıb. D.Tusk liderlərin iyulun 7-də Brüsseldə Yunanıstanın vəziyyətini müzakirə edəcəklərini bildirib. O, referendumun nəticələrinin təəssüf doğurduğunu deyib: "Bu nəticə Yunanıstanın gələcəyi üçün təhlükədir. Yunan iqtisadiyyatında vəziyyətin normallaşması üçün islahatlar qaçılmazdır. İndi Afinanın atacağı addımı gözləyirik".

"Böhran Qərb ölkələrinə xal qazanmağa imkan yaradıb"

Referendumun nəticələrinə münasibət bildirən və Yunanıstanla bağlı bundan sonra baş verə biləcək hadisələri şərh edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib ki, əslində, referendumun nəticələri həm yunanlar, həm də "köhnə qitə"nin digər ölkələri üçün iqtisadi baxımdan ciddi heç nəyi dəyişmirdi: "Afina Brüsselə "yox" dedi. Amma hətta qədim filosofların vətənində kreditorlar üçün "isti külək" əssəydi də belə, qısa və hətta orta müddətli dövrdə tərəflər dönüş edə bilməyəcəkdilər. Böhran yunanları pulsuz qoyub. Ötən 5 ildə isə qərblilər Yunanıstanda bəzi adalardan tutmuş aparıcı dövlət şirkətlərinin səhmlərinədək özəlləşdiriblər. Deməli, beynəlxalq maliyyə qurumlarının və hətta Avropa Birliyinin anti-böhran resepti ölkəni "sıfır cəmli oyununun" iştirakçısına çevirib. Atılan istənilən addımın taktiki təsirləri ola bilər, strateji baxımdan oyunda nəticə dəyişməyəcək. Afinanın tablodan sıfırı və ya sıfırları silmək üçün nə iqtisadi gücü, nə də siyasi dəstəyi var. Böhran isə Yunanıstanda dominantlığını gücləndirən bir sıra aparıcı Qərb ölkələrinə öz hesablarına xeyli xallar yazmasına çoxdan imkan yaradıb".

"Yunanıstanda böhranın başa çatmasında maraqlı ölkələrdən biri də Azərbaycandır"

Yunanıstanın Azərbaycan üçün strateji baxımdan əhəmiyyətli tərəfdaş ölkələrdən olduğunu deyən V.Bayramov bu ölkənin Azərbaycanın əsas strateji qaz kəməri olacaq TAP-da istehlakçı və eyni zamanda tranzit ölkə olduğunu xatırladıb: "Ölkəmizin sözügedən dövlətdə sərmayələri ilə Dövlət Neft Fondunun aktivlərinin dörddə birinin avro və idarə olunan vəsaitlərinin 40 faizinin Avropa Birliyində saxlanıldığını nəzərə alsaq, Yunanıstanda böhranın başa çatmasında maraqlı olan ölkələrdən birinin də məhz Azərbaycan olduğunu desək, yanılmarıq. Gözlənilir ki, referendum nəticələri avronun dollara məzənnəsinə təsir göstərəcək. Elə Azərbaycan Mərkəzi Bankının da bu iş həftəsinə zəif avro ilə başlayacağı proqnozlaşdırılandır. Doğrudur, bazardakı mövcud tarazlıq hələlik avropalıların pulunun kursunda çox kəskin azalmalara imkan verməyəcək. Eyni zamanda, Yunanıstan böhranın ölkəmizin strateji qaz kəmərlərinin reallaşmasına təsir edəcəyi gözlənilmir. Razılaşmaq lazımdır ki, bu təşəbbüslərin reallaşmasında Bakı və Brüssel qərarverici tərəflərdir, Afina sadəcə iştirakçıdır. Kəmərin əsas benefisarı olan İtaliya isə özünün enerji asılılığını yumşaltmaqda maraqlı görünür".

"Bu defoltdan ABŞ və Almaniya səhmdarları qazanacaq"

Ekspert qeyd edib ki, Yunanıstanın defoltu Dövlət Neft Fondunun gəlirliliyinə mənfi təsir göstərməyəcək: "Bir tərəfdən, fond artıq xeyli vaxtdır "avrosuzlaşma" siyasəti aparır. Digər tərəfdən isə, bu defoltdan ABŞ və Almaniya səhmdarlarının qazanacağı gözlənilir. Sözügedən dövlətlərdə səhmlərin qiymətində artımlar gözlənilir. Bu isə okeanın o tayında vəsaitinin təxminən yarısını saxlayan Neft Fondu üçün yaxşı xəbər sayıla bilər. Referendumun nəticələri Azərbaycanla Avropa arasında iqtisadi əlaqələrə də təsir göstərməyəcək. Bu qitəyə daha çox strateji məhsullar ixrac edən Azərbaycanın avro-idxalında həcm və qiymətdə hələlik hər hansı dəyişikliklərin olacağı gözlənilmir. Beləliklə, Afina yeni mərhələnin başlanğıcındadır: bu ölkədə hətta sabahı proqnozlaşdırmaq çətin olsa da belə. Berlin və Parisdə isə təlaş hiss edilmir".

"Baş verənlər həm yunanlar, həm də Avropa üçün yaxşı dərs oldu"

İqtisadçı ekspert Qubad İbadoğlu isə bildirib ki, Yunanıstandakı referendum Avropa Birliyi ilə danışıqlar üçün qapını açıq saxladı. Onun sözlərinə görə, yunanlar referundumda "yox" deməklə baş nazir Aleksis Tsiprasın danışıqlarda mövqeyini möhkəmləndirsələr də, qeyri-müəyyənlik davam edir: "Bu qeyri-müəyyənliyin ilk zərbəsini dünyanın ikinci böyük iqtisadiyyatına malik olan Çin alıb. Bu gündən Çin valyutası və şirkətlərinin səhmləri dəyərini itirməyə başlayıb. Bu proseslərin digər bazarlara da təsiri istisna olunmur".

Q.İbadoğlu deyib ki, iyulun 5-də Afinada baş verənlər həm Avropa və həm də yunanlar üçün yaxşı dərs oldu: "Bir tərəfdən işləməkdən başqa hər şeyə razı olan, aldıqları borcları öz qazancları kimi xərcləyən yunanlar, digər tərəfədən isə dəyərsizləşən yunan iqtisadiyyatından mənfəət qazanmaq istəyən xarici investorlar passiv biznesə sərmayələri ilə bütövlükdə bu ölkənin gələcəyinə ciddi şübhələr yaradıblar. Odur ki, Avropa Birliyinin rəhbərlərinin görüşündə kredit şərtləri yumşalsa da, Yunanıstan borclarını qaytarmaq məcburiyyətindədir. Əslində, borc probleminin həllinin ən doğru yolu da budur. Yunanlar başa düşmədilər ki, xərclədikləri pullar onların deyil, özgəninki olub və bu pullar istənilən halda və nə vaxtsa geri qaytarılmalıdır. Məbləğ isə balaca deyil, söhbət 240 milyard avrodan gedir. Ümumilikdə isə yunanların borcları 320 milyard avro dəyərində qiymətləndirilir ki, bu da ölkənin ümumi daxili məhsulunun 178 faizi deməkdir".

"Onlara xalqın mövqeyi deyil, bankların dəstəyi lazımdır"

"Yunanıstan xalqının mövqeyi Avropa Birliyinin bu ölkəyə qarşı siyasətinə təsir göstərməyəcək. Yəqin ki, Tsipras hökumətinin bu siyasəti daxili auditoriyaya hesablanıb. İnanmıram ki, transmilli şirkətlər və onların əlinə baxan dövlətlər yunanların mövqeyinə hörmətlə yanaşsınlar". Bunu isə politoloq Zərdüşt Əlizadə söyləyib.

Onun fikrincə, Avropa Birliyi və kreditorlar yunanların bu mövqeyi ilə razılaşmayacaqlar: "Referendumda yunanlar qarşısında konkret sual qoyulmuşdu. Sual Yunanıstanın borcunun ödənilməsi üçün Avropa Birliyi ölkələrinin, beynəlxalq maliyyə qurumlarının şərtlərinə "hə", "yox" deməkdən ibarət idi. Yunanlar şərtlərdən imtina etdi. Yunanıstanın baş naziri Aleksis Tsipras da Qərb dövlətlərinə dedi ki, qərar demokratik, referendum yolu ilə qəbul olunub. Yəni qərarı Tsipras hökuməti deyil, yunanlar verib. Bax, demokratiya ölkələrə, xalqlara belə manevr imkanları verir. Qloballaşma və demokratiya arasında kəskin təzadlar var. Qloballaşma böyük bankların, transmilli şirkətlərin xeyrinə aparılır. Demokratiya isə milli maraqları müdafiə edən qüvvələrin işinə yarayır. Milli qüvvələrlə transmilli şirkətlər hər zaman toqquşacaq. Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi iri maliyyə qurumları Yunanıstan hakimiyyətinin iradəsini qırmaq istəyirlər. Tsipras baş nazir olaraq öz xalqının maraqlarını müdafiə etdi və Avropa ölkələrinə göstərdi ki, sizin vəzifəniz iri bankların yox, insanların, xalqların tərəfini saxlamaqdır. Avropa İttifaqının əsas dəyərlərindən biri həmrəylikdir. Avropanın iqtisadiyyatında cəmi 2 faiz paya malik olan Yunanıstanın üzərinə bu qədər gəlmək, ona təzyiq göstərmək hansı dəyərlərə sığır? Yunanıstan xalqının mövqeyi Avropa bürokratlarının maraqlarına xidmət etmir. Çünki onlara xalqların mövqeyi deyil, bankların dəstəyi lazımdır".

Səxavət HƏMİD