Əlcəzairdə etnik qarşıdurma nəticəsində 22 nəfər ölüb

9 İyul 2015 01:55 (UTC+04:00)

Əlcəzairin cənubunda baş verən etnik qarşıdurma nəticəsində azı 22 nəfər ölüb, onlarla insan xəsarət alıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, iğtişaşlar ötən bazar günü Qarday regionunda başlayıb.

İnsidentlə əlaqədar Əlcəzairin prezidenti Əbdüləziz Buteflika hökumətin fövqəladə iclasını çağırıb.

Regionda vaxtaşırı ərəb və bərbər tayfaları arasında münaqişələr baş verir. Yerli mətbuatın yazdığına görə, toqquşmalara əsasən torpaq mübahisələri səbəb olur. Növbəti qarşıdurmanın səbəbinin hələ ki bəlli olmadığı bildirilir.