Azize Nimani: "Gəzdiyim ölkələr arasında Azərbaycan ən gözəlidir"

10 İyul 2015 08:16 (UTC+04:00)

Birinci Avropa Oyunlarının bürünc mükafatçısı, almaniyalı boksçu Azize Nimani AZƏRTAC-a bildirib ki, birinci Avropa Oyunlarında iştirak etdiyinə və burada medal qazandığına görə fəxr edir.

İdmançı Oyunlarda təşkilatçılığın, texniki xidmətin səviyyəsindən məmnun qaldığını bildirib. O deyib: "Məşqlər və çıxışlar üçün bizə hər cür şərait yaradılmışdı. Rəqiblərimizlə yaxından tanış olduq və hətta onlarla dostlaşdıq. Medal qazanması ilə bağlı sevincini bölüşən A.Nimani deyib: "Mən bu medalı özümün böyük şəxsi uğurum sayıram".

Nimani etiraf edib ki, bir idmançı kimi çox ölkədə olub, lakin Azərbaycan onun yaddaşında ən gözəl ölkə kimi qalıb. Oyunların möhtəşəm təşkilinə görə Azərbaycan Milli Olimpiya Komitəsinə təşəkkür edən idmançı bildirib ki, Azərbaycan xalqı səmimi və qonaqpərvərdir. İdmançı Azərbaycanda bu səviyyəli mötəbər yarışlarında bir daha iştirak etmək arzusunda olduğunu bildirib.