Ucarın 2 kəndinə təbii qaz verilib

13 İyul 2015 09:45 (UTC+04:00)

Ucar rayonunun Qarabörk və Bağırbəyli kəndlərinə ilk dəfə təbii qaz verilib.

Teleqraf.com SOCAR-ın saytına istinadən xəbər verir ki, iyulun 11-də Ucar rayonunun Qarabörk və Bağırbəyli kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib.

Açılış mərasimlərində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, SOCAR rəhbərliyinin təmsilçiləri, Ucar rayon icra hakimiyyətinin, “Azəriqaz” İstehsalat Birliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər. SOCAR prezidentinə məruzə edilib ki, 309 abonenti olan Qarabörk kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 13716 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 309 mənzilə məişət qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

38 abonenti olan Bağırbəyli kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında 3578 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 38 mənzilə qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Açılış mərasimlərində çıxış edən R.Abdullayev bu əlamətdar hadisə münasibəti ilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışaraq qeyd edib ki, heç bir vaxt təbii qaz almayan yaşayış məntəqələri sürətli templərlə “mavi yanacaq”la təmin olunur. R.Abdullayev respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

İctimaiyyət nümayəndələri və kənd sakinləri kəndlərə təbii qazın verilməsinə görə, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.