“Ona görə kinonu seçdim...” - MÜSAHİBƏ

16 İyul 2015 15:29 (UTC+04:00)

Əməkdar artist, kinoaktrisa Xalidə Quliyeva mövsüm boyu çalışan sənətkarlardandır. “Bir ailəm var” serialında yaratdığı ana rolu ilə gündəmdə olan aktrisa Teleqraf.com-un suallarını cavablandırıb.

-Xalidə xanım, yay gəldi, hamı istirahət etməyə can atır. Siz necə?
-Hamı kimi mən də istirahət etmək istəyirəm. Ona görə balalarımla, nəvələrimlə birgə Türkiyəyə gedəcəyik. Şamaxıda evimiz var, 10 gün orda qaldıq. Amma ağcaqanadların əlindən uzun müddət dözə bilmədik... Nə rahat istirahət etdik, nə də tut yeyə bildik. Qayıdıb gəldik, indi planımızda Türkiyəyə getmək məsələsi var. Bacımgil Türkiyədə yaşayır, onlarla görüşəcəyik. Ailəmlə istirahət etməyi sevirəm, ümumiyyətlə, ailəyə çox bağlıyam. Əksər vaxtımı evdə keçirirəm. Bir evdən çıxanda, bir də evə qayıdanda sevinirəm.

-Onda yəqin yoldaşınız şikayətçi olmaz. Çünki aktrisanın həyat yoldaşı olmaq asan iş deyil.
-Yoldaşım mənimlə ailə quranda aktrisa olduğumu bilirdi. Mən 8-ci sinifdə oxuyarkən Məmmədkamal Kazımovun Xalq Teatrında çalışırdım, 15 yaşımda Xuraman, Sara obrazını oynayırdım. Universitetdə təhsil alarkən Tədris Teatrında çalışırdım. Amma həyat elə gətirdi ki, teatrda oynaya-oynaya kinoya düşdüm.
Seçimlərdə Adil İsgəndərov məni kino-aktyorluğu fakültəsinə seçdi. Sonra filmlərə çəkildim. Ailə quranda hətta kinostudiyanın ştatlı işçisiydim. Hərdən yoldaşım şikayətlənir, amma o heç vaxt sənətimə qarşı çıxmayıb.

-Builki yaradıcı mövsümünüz necə keçdi? Fəaliyyətinizdən razısınızmı?
-Bilirsiniz ki, “Bir ailəm var” serialı sezon finalına çıxdı. İlboyu serialla bağlı işlərim olduğuna görə deyə bilərəm ki, işgüzar mövsüm keçirdim. Bu il daha çox gənclərlə işlədim. Buna görə çox xoşbəxtəm. Çünki onların hər biri fədakardı, məsuliyyətlidi və hər biri sənətini çox sevir. Gördüm ki, sənəti içdən sevən, fədakarcasına bu işlə məşğul olan, parlaq gənclərimiz var.

“Bir ailəm var” komandasında aparıcı əqidə işini sevməkdir. Yuxusuzluq, ac-susuz qalmaq, günün 18 saatını işinə vermək, sənətinə olan sevgidən irəli gəlir. Çox yaxşı aktyor kollektivimiz var idi: Həmidə Ömərova, Elşən Rüstəmov, Rada Nəsibova, Elnur Kərimov, Elnur Qədirov, Günel Həmidova, Kənan Yusifov və başqaları. Hamımızı bu işə “sazlayan” isə gənc rejissorumuz Rüfət Şahbazov idi. Mən Rüfətə inanırdım, bəzən onun rolumla bağlı məsləhətlərinə ehtiyacım olurdu. Bir sözlə, onlarla işləyəndə çox xoşbəxt idim.

-Amma rolunuz heç də tamaşaçılar tərəfindən birmənalı qarşılanmadı. Müsahibələrinizin birində rolunuza görə tənqid olunduğunuzu demisiniz.
-Mən təkcə mənfi obraz oynamamışam. Mən o ananın bu vəziyyətə düşməsinin səbəblərini göstərməyə çalışmışam. Hər bir hərəkətin səbəbi var. O səbəbi göstərəndə və səmimi olanda səni qəbul edəcəklər. Mənfi obraz olsa da, qəbul edəcəklər. Halbuki mənim oynadığım ana mənfi obraz deyil. Çünki o, heç kimə pislik etmir, heç kimə tələ qurmur. O, ancaq oğlunun xoşbəxtliyi uğrunda çalışır. Çünki yoldaşı yoxdur və həyatını oğluna həsr edib. Oğlu ilə bağlı arzuları və onun üzərində haqqı var. Şərq adət-ənənəsində övladların üzərində ananın, atanın haqqı var və onu tapdalamaq olmaz.

-Oğlunun sevdiyi qızla qovuşmasına mane olmaqla eləmi?..
-O xoşbəxtliyi bu cür görür və hardasa haqlıdır. Amma onların qovuşmasına maneə tək ana deyildi... Qızın birinci həyat yoldaşı və daha sonra baş verən hadisələr onların qovuşmasına əngəl oldu. Məni çox tənqid etməyiblər ki... (gülür). Tamaşaçı analar hər zaman mənim tərəfimdə olub, gənclər yox. Gənclər deyirdilər ki, imkan verin, evlənsinlər.

-Nəhayət, sezon finalında ailə qurdular.
-Doğrudur, ailə qurdular, amma nə o tərəfin, nə də bu tərəfin valideynləri toyda iştirak etdi. Mənə elə gəlir, belə olmamalıdır. Ata-ana xeyir-duası vacibdir.

-Siz həyatda necə anasınız?
-Bilirəm ki, necə anayam?.. (Gülür).

-Bu il deyəsən filmə çəkilmədiniz...
-Bəli, bu il film olmadı. Hələ də gözləyirəm, görək necə olacaq. Azərbaycanda filmlər az çəkilir. Rejissorlardan Elçin Musaoğlu ilə işləmək istərdim. O rejissorun “Nabat” filminə baxdım və başa düşdüm ki, kino dilini bilən rejissordur.

-Bəs başqa rejissorlarla işləmək istəməzdiniz?
-Hər kəsin öz komandası var. Misal üçün, mən Elxan Cəfərovla da işləmişəm. Onunla yenə işləmək istərdim. Gənc rejissorlarımızdan “Buta”nı çəkən İlqar, “Axınla aşağı”nı çəkən Asif Rüstəmov, “Niyyət” filmini çəkən Samir var. Bu kimi cavan rejissorların da filmlərinə çəkilmək istəyərəm.

-Müasir Azərbaycan kinosu ilə bağlı məlumatlısınız. Çox aktrisalarımızın yeni çəkilən filmlərdən xəbərləri yoxdur.
-Başqa cür ola da bilməz. Mən kinonu çox sevirəm, ona görə də sevərək bu işlə məşğulam, araşdırıram. Adətən, insan gözünü açıb anasını görür, ona böyük məhəbbətlə bağlanır. Mən 16-17 yaşlarımdan kino ilə qarşılaşdım. Və o gündən bu günə kinoya bağlandım.

-Bəs teatrdan təkliflər gəlmir?
-Gərək özün təşəbbüs göstərəsən. Mən də bir işi görəndə yüz ölçüb, min biçirəm.

-Nə bürcüsünüz?
-Tərəzi...Tərəzi çox fikirləşən, harmoniyanı, rahatlığı sevən biridir. Mənim üçün ətrafımda kimlərin olması çox vacibdir. Mən yalana, riyakarlığa, satqınlığa, əxlaqsızlığa göz yuma bilmirəm. Onun üçün kinonu seçdim. Kino elədir ki, getdin, çəkildin və bu müddət, uzağı iki ay davam edir, sonra isə öz mühitimə qayıdıram.

-Elə hal olubmu ki, tərəf-müqabilinizə, yaxud kollektivdə olan kimlərəsə görə təkliflərdən imtina etmisiniz?
-İmtina etdiyim rol olub. Amma tərəf-müqabilinə görə olmayıb. Sadəcə, mən rolu bir formada başa düşmüşəm, rejissor onu başqa formada izah edib. Və mən razılaşmamışam.

-Elə kaprizinizin olduğunu bilmirdim...
-Sözə qulaq asan aktrisayam. Amma sözə qulaq asıb öz bildiyim kimi edirəm. “Asif, Vasif, Ağasif” filmində bağça müəlliməsi rolunu oynayırdım, çəkiliş zamanı bir şeyi dərk etdim: ən istedadlı, ən böyük aktyor uşaqlardır. Orqanik baxış, orqanik danışıq, orqanik yaşam tərzi çox vacibdir. Mən o məktəbə yiyələndim və o məktəblə də indiyə kimi işləyirəm. O, məni hər zaman xilas edir.

Nərmin Muradova