Qəbul imtahanının nəticələri açıqlandı

16 İyul 2015 16:39 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyul ayının 14-də ali təhsil müəssisələrinə cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini iyulun 16-da açıqlayıb.

Komissiyadan Teleqraf.com-a verilən məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahan nəticələrini həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün sənəd vermiş 26928 abituriyentdən 1598 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 25330 abituriyentdən 7 nəfəri imtahan qaydalarını pozduğu üçün nəticələri ləğv edilib. TQDK-nın internet saytında imtahanda iştirak edən 25323 abituriyentin imtahan nəticələri yerləşdirilib.

İmtahanda I ixtisas qrupu üzrə 7, IV ixtisas qrupu üzrə isə 2 abituriyent ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra bütün ixtisas qrupları üzrə iyulun 30-dan avqustun 11-dək aparılacaq.