Yanğın zamanı 43 nəfər həlak olub

30 İyul 2015 12:35 (UTC+04:00)

FHN 2015-ci ilin I yarımilliyi ərzində baş verən fövqəladə hadisələrin statistikasını açıqlayıb.

FHN-dən Teleqraf.com-a verilən məlumata görə, 2015-ci ilin 6 ayı ərzində respublika ərazisində 5488 yanğın hadisəsi baş verib ki, burada 43 insan həlak olub, 105 nəfər isə xəsarət alıb.

Verilən məlumatda bildirilir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 12 nəfər və ya 39%, xəsarət alanlar üzrə isə 45 nəfər və ya 75% çoxdur.

2015-ci ilin I yarımilliyi ərzində respublika ərazisində 20 partlayış hadisəsi baş verib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1 hadisə və ya 5% çoxdur. Partlayışlar zamanı 5 nəfər həlak olub, 20 nəfər isə xəsarət alıb.

Bundan əlavə məlumatda qey edilib ki, 2015-ci ilin I yarımilliyi ərzində respublika ərazisində 5581 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 736 hadisə və ya 15% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 48 nəfər həlak olub, 125 nəfər isə xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 76 nəfər xilas edilib, 517 nəfər isə təxliyə olunub.

İLHAMƏ