AVP seçkilərə hazırdır

31 İyul 2015 12:35 (UTC+04:00)

Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı rəhbərlik etdiyi partiyanın noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak edəcəyini açıqlayıb.

Onun sözlərinə görə, AVP seçkilərə çoxsaylı namizəd, böyük qüvvə ilə qatılacaq: “Bütövlükdə partiyada seçki ab-havası hökm sürür. Bütün potensialımız parlament seçkilərinə köklənib. Artıq işlər tamamlanmaq üzrədir. Yaxın vaxtlarda konkret namizədlərlə seçkilərə qoşulacağımızı bəyan edəcəyik. Artıq 80-ə yaxın namizəd müəyyənləşib. Onların içərisində seçim aparılacaq və siyahı konkretləşəcək. Çalışacağıq ki, ən azı 60 nəfərlə seçki prosesinə qoşulaq. Namizədlər arasında orta yaşlı insanlar üstünlük təşkil edir. Həmçinin namizədlərin siyahısında gənclər, qadınlar da var. Barmaqla sayılacaq qədər yaşlılar olacaq. Söz, əlbəttə, ilk növbədə seçicilərindir və seçkilərə qatılan namizədin seçicilərin etimadını qazanmaq qabiliyyəti və bacarığı əsasdır”.

“Seçicilərin probleminə görə Baş nazirlə bir neçə dəfə görüşmüşəm”

F.Ağamalı özü yenidən 60 saylı Salyan-Neftçala seçki dairəsindən qatılmaq niyyətindədir: “2 il dalbadal həmin dairədən namizədliyimi irəli sürmüşəm və seçicilərin etimadını qazanmışam. İki seçki çağırışı dönəmində mandatımın verdiyi səlahiyyət çərçivəsində çalışmışam ki, seçicilərimizin etimadını qazanım, Salyan və Neftçala sakinlərinin qaldırmış olduğu sosial problemlərinin həllinə öz köməyimi göstərim. Bölgənin qazlaşması, su ilə təchizatı, fasiləsiz işıqla təmin olunması, məktəb və digər sosial obyektlərin bərpası, tikilib istifadəyə verilməsi, magistral yolun və kəndlər arasında yolların çəkilməsi üçün təşəbbüsləri dəstəkləmişəm. Regionla bağlı bir neçə dəfə Baş nazirin qəbulunda olmuşam. O da öz səviyyəsində problemlərin həllinə ciddi reaksiya verib, onun müdaxiləsi nəticəsində bir sıra məsələlərin həlli sürətlənib və demək olar ki, həmin problem aradan qaldırılıb. Fərdi xahişlər, şəxsi müraciətlər də olub. İmkanım daxilində, qanunvericilik çərçivəsində onların həllinə çalışmışam. Bəzi problemlər məndən asılı olmayan səbəblərdən həll olunmayıb. Ölkəmizin xarici siyasətində, dövlətçiliyimizin möhkəmlənməsində, işğal olunmuş torpaqlarımızla bağlı həqiqətlərin dünyaya çatdırılmasında, ölkə Prezidentinin Azərbaycan xalqının milli və dövlət maraqlarına söykənən fikirlərinin cəmiyyətdə ictimailəşməsində fəal olmuşam. KİV-lərlə fərdi görüşlərdə bu istiqamətdə təbliğat aparmışam. Bir sözlə, yenidən 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizədliyimi irəli sürmək fikrindəyəm”.

“Oğlum deputatlığa namizəd olmaqdan imtina elədi”

Partiya sədrinin müavini olan oğlu Elçin Ağamalının seçkiyə qatılıb-qatılmayacağına da aydınlıq gətirib: “Oğlum kifayət qədər fundamental təhsil alıb. Neçə ildir müstəqil şəkildə fəaliyyətini qurub. Həm partiyada təşkilati məsələlər üzrə müavin, həm də aparat rəhbəri kimi işləyir. Bir gənc kimi öz imkanları daxilində AVP-yə və partiya xətti ilə dövlətimizə xidmətlərini göstərir. Müzakirələr zamanı o, deputatlığa namizədliyinin irəli sürülməsi ilə bağlı təklifdən imtina elədi. Seçki prosesinə qoşulmaq niyyətində deyil. Sonradan ciddi ehtiyac olarsa, fikrində təkidli olmazsa, bəlkə də seçkilərə qatıla bilər”.

“Oğlunuz seçkilərə qatılacağı təqdirdə bir-birinizə güzəştə gedə bilərsiniz” sualını F.Ağamalı belə cavablandırıb: “O, mənə güzəştə getməyə çalışır. Ancaq mənə elə gəlir ki, ən böyük güzəşt atalar tərəfindən olmalıdır. Atalar oğullarına daha çox güzəşt etməli, hər bir ata üçün oğlunun inkişafı maraq dairəsində olmalıdır”.

“Seçki öncəsi YAP-la məsləhətləşmə aparacağıq”

AVP sədri hakim Yeni Azərbaycan Partiyasının (YAP) iqtidaryönlü partiyalara seçkidə güzəştə gedəcəyi barədə ehtimalı da dəyərləndirib: “Siyavuş Novruzov YAP-ın 125 dairədən namizəd irəli sürmək barədə fikrinin olduğunu bildirib. Əlbəttə, Siyavuş Novruzovun fikrinə hörmətlə yanaşıram, bu, partiya qərarıdır və ona hər hansı şərh vermək etik çərçivələrdən kənardır. Bizim bütün seçkilər dövründə YAP-la məsləhətləşmələrimiz olub. Çünki AVP-nin bir çox, o cümlədən dövlətçiliyimizin möhkəmlənməsi məsələsində fikirləri YAP-la üst-üstə düşür. Əvvəlki parlament seçkilərində olduğu kimi çox güman ki, bu parlament seçkilərində də müəyyən məsləhətləşmələr aparacağıq. Partiya sədri kimi bu fikirdəyəm ki, YAP-la, digər müttəfiq partiyalarla və baxışlarımız uyğun gələn təşkilatlarla məsləhətləşmələr aparmalıyıq ki, seçki gedişində ciddi problemlərlə üzləşməyək. YAP-la məsləhətləşmə ona görə lazımdır ki, hakim partiyanın bütün dairələrdə imkanları çox güclüdür, onun böyük sosial bazası, ciddi resursları var. Seçkilərdə iştirak edən hər bir partiya qalib gəlmək istəyirsə, bu amilə diqqət yetirməlidir”.

NƏRGİZ