Separatçı rejimin rəhbəri istefa verdi

27 May 2014 23:13 (UTC+04:00)

Qondarma Abxaziya Respublikasının prezidenti Aleksandr Ankvab istefa verib.

Axar.az xəbər verir ki, Ankvab bu addımı administrasiyanın binasını işğal edən müxalifət nümayəndələrinin tələblərindən sonra atıb.

“Ankvab müxalifət tərəfdarlarının administrasiyanın binasını tutmasından sonra oranı tərk edib. Danışıqlar zamanı o, hökumətin, baş prokurorun, respublikanın iki rayonunun rəhbərliyinin istefaya göndəriləcəyini söz versə də, müxalifət bununla razılaşmayıb. Onlar dövlət başçısının da istefasını tələb ediblər”, - deyə qondarma respublikanın təhlükəsizlik xidmətinin rəhbəri Nuqzar Aşuba məlumat verib.

Qeyd edək ki, bu gün Ankvabla danışıqların başa çatmasını gözləməyən müxalifət administrasiya binasına hücum etmişdi.

Buna qədər isə Suxuminin mərkəzində müxalifətin minlərlə tərəfdarı toplaşmışdı. Onlar Akvabın mitinqə çıxmasını tələb edirdilər.