Bakıda 3 nəfəri bıçaqlamış şəxs tutuldu

31 May 2014 13:59 (UTC+04:00)

Bakı şəhər sakinlərinə bıçaqla xəsarət yetirmiş şəxs tutulub.

Teleqraf.com Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, mayın 30-da Xətai rayonu, M.Hadi küçəsində yerləşən "Yaşıl ada" kafesində İsmayıllı rayon sakini Mərhəmət Quliyev münaqişə zəminində Bakı şəhər sakinləri Tərlan Məmmədova, Binnət Əhmədova və Elnur Məmmədova bıçaqla xəsarət yetirib.

Xətai rayon Polis İdarəsi 34-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Quliyev tutulub.

Mayın 30-da Yardımlı rayonu, Kürəkçi kəndində kənd sakini, əvvəllər məhkum olunmuş Samir Hüseynov ailə münaqişəsi zəminində arvadı Fəridəni bıçaqla qətlə yetirib hadisə yerindən qaçıb.

Yardımlı rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Hüseynov tutulub.

Ötən gün Yasamal rayonu ərazisindən Bakı şəhər sakini Məryəm Hüseynova kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Aytən Abbasova tutulub.