Azərbaycan diaspor liderlərini ermənilər öldürüb - Ukraynada

8 Oktyabr 2015 14:03 (UTC+04:00)

Ukraynanın Xerson vilayəti Azərbaycanlılar Konqresinin sədr müavini, iş adamı İlham Tağıyevi, bir müddət əvvəl itkin düşmüş, sonradan isə öldürüldüyü məlum olan digər diaspor fəalı Təbriz Ələkbərovun ermənilər tərəfindən qətlə yetirildiyi məlum olub.


Həmin şəxslər milis tərəfindən saxlanılıb. Saxlanılanlar digər azərbaycanlı iş adamı Vüqar Nuruşovun da işgəncə ilə öldürülməsində şübhəli bilinirlər.


V. Nuruşovun qardaşı, vilayət Azərbaycanlıları Konqresinin üzvü İlqar Nuruşov APA-ya bildirib ki, Xerson milisi tərəfindən saxlanılan ermənilər Ermənistan vətəndaşı, 1974-cü il təvəllüdlü Karapetyan Sergey Razmikoviç, digəri isə Ukrayna vətəndaşı Montiyan Xaçik Stepanoviçdir.

V. Nuruşovun sözlərinə görə, Xerson milisindən hadisə ilə bağlı erməni millətindən olan daha bir neçə şəxsin axtarışının davam etidiyni bildiriblər: "Milisdən dedilər ki, tutulan ermənilər İlham Tağıyevi sifarişlə öldürdüklərini etiraf etsələr də, sifarişçinin adını hələlik istintaqa açıqlamayıblar. Qardaşımı öldürdüklərini isə boyunlarına alıblar. Guya qətl mübahisə zəminində baş verib. Amma yalan deyirlər, izi azdırmaq istəyirlər. Çünki Xersonda hamıya məlumdur ki, qardaşımla istefada olan general, erməni iş adamı Luqasyan arasında etnik zəmində ədavət olub və həmin şəxs qardaşımı hədələyib. Tutulan bu ermənilər də həmin erməni iş adamına bağlıdırlar. Bu bağlılığı istintaq zamanı özləri də gizlətməyiblər”.


İ. Nuruşov onu da əlavə edib ki, tutulan ermənilərin Ukraynada erməni diasporunun fəallarından olduqları bildirilir.


Qeyd edək ki, bu ilin avqust 17-də Xerson vilayəti Azərbaycanlıları Konqresinin sədr müavini, iş adamı İlham Tağıyev evinin qarşısında döyülərək qətlə yetirilib. Bundan bir müddət əvvəl isə digər azərbaycanlı iş adamı Vüqar Nuruşov döyülərək öldürülüb, onun meyiti işgəncə nəticəsində tanınmaz hala düşüb.


Luqanskdan Xersona köçmüş, biznesini və diaspor fəaliyyətini burada bərpa etmək istəyən 1986-cı il təvəllüdlü, əslən Masallı rayonundan olan Ələkbərov Təbriz Cəsur oğlu isə iyulun 13-də Xerson vilayətinin Skadovsk rayonunda yoxa çıxmışdı. Az sonra onun da meyiti tapılıb./APA