Hər zaman gənclərlə bağlı məsələlər ön plana çəkilir - Mirhəsən Seyidov

29 Oktyabr 2015 11:22 (UTC+04:00)

“Prezident İlham Əliyev tərəfindən sərəncamı əsnasında fəaliyyətə başlayacaq Azərbaycan İpoteka Fondu ASC eyni zamanda gənclər üçün çox sevindirici bir xəbər oldu”.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib. Onun sözlərinə görə, Azərbaycanda inhisarlaşma məsələlərinin aradan qaldırılması istiqamətində görülən bu işlərdə yararlanacaq təbəqələrdən biri də xüsusi ilə gənclərdir: “Məhz bu səbəbdən biz gənclər cənab Prezidentin siyasi iradəsinə arxalanırıq ki, hər zaman gənclərlə bağlı olan məsələlər ön plana çəkilir.

Yeni yaradılacaq cəmiyyətin Azərbaycanda əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi mexanizminin yaradılması ilə bağlı işləri yerinə yetirilməsində ən
böyük imkan gənclərin və gənc ailələrin payına düşür.

Vurğulamaq yerinə düşərdi ki, Prezident İlham Əliyev Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentiliyinin yaradılması və fəaliyyətinə start verilməsi amilində də gənclər xüsusi yer alır. İmkanlardan istifadə gənclərin və gənc ailələrin səhiyyə ilə bağlı üzləşdikləri problemlərin tez bir zamanda həllinə yardımçı olacaqdır.

Düşünürəm ki, gənclər üçün istifadə potensialı yüksək olan bu kimi qurumlar tez bir zamanda yeni planlarla gəncləri sevindirəcəkdir. Çünki biz gənclər prezidentimizin ətrafında sıx birləşmişik”.

BƏXTİYAR