“Təkcə İçərişəhərdə 40-a yaxın cadugər yaşayır” - AKTUAL

5 Noyabr 2015 13:38 (UTC+04:00)

Dini ayinlərin və mərasimlərin yalnız rəsmi aidiyyəti şəxslər tərəfindən keçirilməsi ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qərar layihəsi hazırlanır. Bu barədə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məlumat verib.

Qərar layihəsinin Nazirlər Kabinetinə təqdim olunacağını deyən Mübariz Qurbanlı qeyd edib ki, bu qərarla, eyni zamanda, falçılıqla məşğul olanların da fəaliyyəti qadağan olunacaq: “Səmavi dinlərdə, o cümlədən İslamda falçılıq onsuz da qəbul edilmir”.

Komitə sədri bildirib ki, belə hallara yol verən şəxslər həmin qərar əsasında ciddi cəzalandırılacaqlar.

Sahibkarlıq, yoxsa falçılıq?

Məsələnin hüquqi tərəflərinə toxunan vəkil İradə Cavadova deyir ki, bu cür fəaliyyət əslində qanunsuz sahibkarlıq sayılır: “Rəsmən fəaliyyət göstərən falçılar yoxdur, deməli, onlar vergi də ödəmirlər. Bu baxımdan, məsələnin hüquqi müstəviyə gətirilməsinə müsbət yanaşmaq olar. Azərbaycanda bəzi fəaliyyət növləri var ki, bunun üçün aidiyyəti qurumlardan xüsusi icazə və ya lisenziya alınmalıdır. Lisenziyasız fəaliyyət qanunsuz sahibkarlıq hesab olunur və işin hallarından asılı olaraq cinayət məsuliyyəti yaradır. Lakin falçılıqla bağlı xüsusi icazəyə ehtiyac görülmür.

Xarici ölkələrdə isə falçılıq fəaliyyəti qanun çərçivəsinə salınıb. Onlar özlərini reklam etdirir, vergi ödəyirlər".

Vəkilin sözlərinə görə, nəyisə kiməsə qadağan eləyirlərsə, bu, o demək deyil ki, həmin fəaliyyətə son qoyulur: “Amma fəaliyyət qanuniləşsə, onda kiminsə qızılını, pulunu aldadıb almazlar, dələduzluq etməzlər. Mən təklif edərdim ki, falçılığı qadağan etməkdənsə, qanuniləşdirsinlər.

Hazırda vətəndaşların falçılar tərəfindən aladadılması ilə bağlı Cinayət Məcəlləsində ayrıca maddə yoxdur. İş yalnız Cinayət Məcəlləsinin dələduzluğu ehtiva edən 178-ci maddəsi ilə araşdırıla bilər".

“Boş çuxura çirkli sular tez dolur”

“Qoroskop” qəzetinin baş redaktoru, astroloq Səbuhi Rəhimlinin sözlərinə görə, bütün sivil cəmiyyətlərdə qara magiya daşıyıcılarına qarşı mübarizə metodu var: “Orta əsrlərdən üzü bəri sərt və ya yumşaq formada falçılığa, cadugərliyə və digər neqativ hallara qarşı cəza formaları olub. Məşhur inkvizisiya məhkəmələri daha çox bu işlə məşğul olub. Amma tam dayandıra bilməyiblər. Hətta dinin qadağan olunduğu sovet dönəmində belə, bu kimi hallara ciddi reaksiya vardı, lakin yenə də hər kənddə, hər şəhərdə gizli də olsa, fəaliyyət göstərənlər olurdu.

Bu gün məlum hallar daha intensivləşib. Bunun da səbəbləri çoxdur. Azərbaycanda sovet rejimi dağıldı, sistem çökdü, bir quruluşdan digərinə keçid mərhələsi başlandı. Bundan başqa, müharibələr, kənar təzyiqlər, iqtisadi böhranlar, kütləvi işsizlik, ən işgüzar təbəqənin ölkəni tərk etməsi insanlarda maddi-mənəvi cəhətdən ahəngi pozdu. İnsanlar doğrunun harada, yalanın harada olduğunu bilmədilər. Bu səbəbdən də ümid axtarışına çıxdılar.

Əksəriyyəti maariflənməyən, cahil və zəif dünyagörüşlü olan əhalimiz üz tutdu qara enerjili insanların yanına. Guya onlar bu adamları nicata qovuşduracaqmış. Atalarımız dediyi kimi, boş çuxura çirkli sular tez dolur".

“Məndə 300-dən çox falçının adı və ünvanı var”

Astroloqun sözlərinə görə, ən acınacaqlısı odur ki, falçıları qəzetlər, saytlar, telekanallar geninə-boluna təbliğ etdilər: “Hətta ən ciddi tele-layihələrdə belə, falçını başda oturdub alim və digər ziyalılarımızı onların vasitəsilə məsxərəyə qoyurlar. Belə təbliğatın qarşısının alınması üçün zaman-zaman mən də mübarizə apardım. Amma dövlət səviyyəsində bu iş aparılmasa, dayandırmaq olmaz.

Mübariz Qurbanlının falçılarla bağlı qərarını dəstəkləyirəm. Lakin onun tam həyata keçiriləcəyinə inanmıram. Çünki falçılar çox böyük şəbəkəyə malikdirlər, üstəlik, onların əksəriyyətini yüksək rütbəli məmurlar himayə edir. Onlara şəhərin ən görkəmli yerlərində gözəl şərait yaradılıb, ofis və ya evlər verilib, yoxlama və vergi də onlara yaxın gedə bilmir. Bunun üçün quru bəyanat vermək yox, əməli iş görmək lazımdır".

İllər öncəsi bu halların qarşısını almaq üçün böyük bir layihə işlədiyini deyən Səbuhi Rəhimli bildirir ki, bacardığı qədər layihəyə kömək edib: “Məndə 300-dən çox falçının adı və ünvanı da var. Təsəvvür edin ki, təkcə İçərişəhərdə 40-a yaxın cadugər yaşayır. Bu işdə ilk öncə prinsipiallıq və cəsarət lazımdır. Dini Komitə istəsə, ölkədə olan bütün falçıları aşkara çıxarıb ifşa edə bilər. İlk növbədə onların mediada təbliğini dayandırmalı, daha sonra onların ünvanı aşkar edilib ”fəaliyyətlərinə" xitam verilməlidir. Çox istərdim ki, bu mübarizə dilənçilərə qarşı mübarizə kimi görüntü xətrinə olmasın".

İlhamə Əbülfət