“Məni öz iş yerimdə girov götürüblər” – “Kəpəz” TV-də narazılıq

5 Noyabr 2015 13:34 (UTC+04:00)

Gəncə və ətraf bölgələrdə yayımlanan “Kəpəz” Müstəqil Teleradio Şirkətinin əməkdaşı Sənan Bayramov Teleqraf.com-a müraciət edərək, iş yerində haqsızlıqla üzləşdiyini bildirib.

S.Bayramov yazır: “Mən, ixtisasca rəssam Bayramov Sənan Rəsul oğlu 2006-cı ildən Gəncə şəhərində fəaliyyət göstərən “Alternativ” TV-də 3d dizayner vəzifəsində çalışmışam. 2013-cü ildə sözügedən şirkətin “Region TV” şəbəkəsinə qoşulmasından sonra “Kəpəz” TV-də eyni vəzifədə işləmişəm. Lakin, 2015-ci il ərzində telekanalın rəhbəri Fuad Cabbarov tərəfindən rəsmən istismara məruz qalmışam. Bu illər ərzində iş yoldaşlarımın maaşlarının dəfələrlə artmasına baxmayaraq, mənim maaşım dəyişməz surətdə qalıb. Fuad Cabbarov bu il məni işdən azad etmə ilə təhdid edərək məzuniyyətə çıxmağa qoymayıb. Noyabrın 3-də səhər işə gələrkən isə səbəb göstərilmədən işdən azad olunduğumu bildirib. Hal-hazırda mənim son ayımın maaşı girov kimi saxlanılıb. Mənə təklif olunur ki, özüm könüllü işdən çıxmağım barədə ərizə yazım və əlavə daha bir neçə iş görüm. Əgər bunları etməsəm, son ayımın maaşı verilməyəcək. Faktiki olaraq, məni öz iş yerimdə girov götürüblər”.

S.Bayramov, F.Cabbarovla görüşmək istədiyini, lakin telekanal direktorunun onu qəbul etmədiyini deyib: “Məni qəbul etmir. Deyir, ərizə yazmasan, maaşın verilməyəcək”.

S.Bayramov gənc ailə başcısı və iki uşaq atası kimi Gəncə şəhərində kirayədə yaşadığını bildirərək, üzləşdiyi problemin həllində ona köməklik göstərilməsini xahiş edib: “Kommunal haqları ödəməkdə belə çətinlik çəkdiyim, qışa hazırlıq görməli olduğum bir məqamda maaşımın saxlanılması ilə yanaşı, mənim hal-hazırda “Kəpəz” TV-də sözün əsl mənasında istismar olunmağım hər gün ailə büdcəmə zərbədir. Sizdən xahiş edirəm ki, hüquqlarımın bərpasında mənə köməklik edəsiniz”.

Məsələ ilə bağlı “Kəpəz” TV rəhbərliyi ilə əlaqə saxladıq. Telekanal direktorunun müavini Nofəl Dərgahov S.Bayramovun şikayətinin əsassız olduğunu bildirib. O qeyd edib ki, S.Bayramov televiziyada 1 may 2013-cü ildən xidməti müqavilə əsasında çalışıb: “Bu il noyabrın 1-dən Sənan Bayramovla bağlanmış xidməti müqaviləyə xitam verilib. Bağlanmış xidməti müqaviləyə əsasən xidmət haqqı görülmüş işlərin aktına əsasən ödənilir və onun oktyabr ayı ərzində tapşırılan işi vaxtında yerinə yetirmədiyinə görə, xidmət haqqının ödənilməsində gecikmə var. Sənan Bayramov tapşırılan işi yerinə yetirdikdə görülmüş işlər haqqında akta əsasən onun xidmət haqqı ödəniləcək”.

Səxavət