Misirdəki qəzanın səbəbləri hələ də açıqlanmır

10 Noyabr 2015 21:53 (UTC+04:00)

Rusiyanın “Koqalımavia” şirkətinə məxsus təyyarənin Sinay yarımadası üzərində qəzaya uğramasının təhqiqatı davam edir.

Noyabrın 9-da Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Misirə yollanıb və bu gün onun qəzanın baş verdiyi əraziyə baxış keçirəcəyi gözlənilir.

İnsidentin təhqiqatı ilə məşğul olan beynəlxalq komissiya bütün mümkün variantları nəzərdən keçirir və hələ ki, hadisənin baş verməsi ilə bağlı yekun rəsmi nəticəyə gəlməyib. Bir çox ekspertlərin fikrincə isə, qəza terror aktı nəticəsində baş verib. Bu ehtimala görə bəzi ölkələr, o cümlədən Rusiya Misirə uçuşlara məhdudiyyət və qadağalar qoyub.

Moskva və London öz vətəndaşlarını Şarm-əl-Şeyxdən çıxarır. Kəşfiyyat məlumatlarına əsaslanan Britaniya hökuməti təyyarənin qəzaya uğramasına göyərtədə partlayışın səbəb olduğunu düşünür. Ölkənin xarici işlər naziri Filip Hemmondun sözlərinə görə, partladıcı qurğu təyyarəyə böyük ehtimalla İŞİD tərəfindən keçirilib.