Keçmiş deputatın oğlunun şikayəti təmin edilmədi

12 Noyabr 2015 12:18 (UTC+04:00)

Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Şaiq Hüseynovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Şaiq Hüseynovun şikayət təmin olunmayıb.

Qeyd edək ki, Şaiq Hüseynov 2014-cü ilin aprel ayında həbs edilib. Sabunçu rayon, Bakıxanov qəsəbə sakini, 1977-ci il təvəllüdlü Şölə Səfərova hüquq-mühafizə orqanlarına müraciət edərək 70 min manat pulunun Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Xətai rayon şöbəsinin keçmiş icra məmuru Şaiq Hüseynov tərəfindən dələduzluq yolu ilə mənimsənildiyini bildirib.

Qadın bildirib ki, qardaşı bir müddət əvvəl həbs olunub. Qardaşının həbsdən azad edilməsi və ya cəzasının yüngülləşdirilməsi məqsədilə məhkəmə icraçısı işləyən ədliyyə kapitanı Şaiq Hüseynov ilə tanış olub.

Şaiq Hüseynov qadını ona kömək edəcəyinə inandırıb və ümumilikdə 70 min manat pul alıb. Lakin üstündən 1 ilə yaxın vaxt keçməsinə baxmayaraq, dediklərinə əməl etməyib. Şölə Səfərova daha sonra pulu geri istəsə də buna nail ola bilməyib.

Şaiq Hüseynov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Onu da qeyd edək ki, Şaiq Hüseynov keçmiş deputat, mərhum Şadman Hüseynovun oğludur

Hacı Zeynalov