“Böyük bir səhv etdim” - MÜSAHİBƏ

12 Noyabr 2015 14:11 (UTC+04:00)

Musiqiləri sevilən, amma televiziyaya, kameralar önünə az çıxan bəstəkar Natiq Qəzənfəroğlu ilə musiqimizin durumundan, estrada aləmində baş verənlərdən danışdıq.

- Natiq bəy, sonuncu dəfə Şahin Zəkidzadənin filminə musiqi bəstələdiyiniz yadımdadır. Sizin yaradıcılığınızda filmlərə musiqi yazmaq az olsa da “Bəyaz həyat”dakı “Röya kimi” sauntreki illədir ki, unudulmur. Niyə bəstəkarlar filmlərə musiqi bəstələməkdən çəkinirlər?
- Bu müraciətlərlə bağlıdır. Gərək rejissorlar bəstəkarlara müraciət etsinlər. Bizdə belə bir tendensiya var: çox vaxt şəxsi tanışlıqlarla iş görülür. Müəyyən rejissorlar öz tanıdıqları bəstəkarlarla işləyirlər. Şahinlə biz köhnə dostlarıq. Təsadüf nəticəsində xəbər tutdum ki, film çəkir. Və filmin musiqilərini yazmağı Şahin mənə təklif etdi.

- Film musiqisi yazan bəstəkar nəyə önəm verməlidir?
- Filmi musiqisi yazmaq üçün strukturu bilmək lazımdır. Kinonun özünəməxsus keyfiyyətləri var və bu keyfiyyətləri yaxşı bilmək lazımdır. Uşaqlıqdan kino həvəskarı olmuşam. Ona görə müraciət olanda məmnuniyyətlə razılıq verirəm. “Bəyaz həyat”ın sauntrekini yazanda öncə mənə ssenari təqdim olundu. Filmi görməmişdim. Amma ssenariyə uyğun musiqini yazdım.

- Hansı müğənnilərlə işləyirsiniz?
- Düzünü deyim ki, mütəmadi heç bir müğənni ilə işləmirəm. Vaxtilə Flora Kərimova, İlqar Xəyal, Faiq Ağayev, Xəyalə Manaflı ilə işləmişəm.

- Siz də bəstəkarlar kimi Azərbaycan musiqisinin durumundan narazısınız?
- Bu durum heç də ürəkaçan deyil. Televiziyalar reytinq dalınca qaçır. Kütlə də klassik musiqidən... Hər ikisi də bayağı musiqilərə daha çox önəm verirlər. O vaxt yalnız bir kanal AzTV mövcud idi. Və orda da vaxtaşırı klassik musiqilər təbliğ olunurdu. Amma indi təbliğ olunmur, ya da bu təbliğat çox azdır. Əslində günahın hamısı televiziyalarda deyil. İnsanların zövqü çox fərqli olub. Mənim böyük oğlum klassik musiqini çox sevir. Motsart onun çox sevdiyi bəstəkardır.

- Çünki o iki bəstəkarın övladıdır. Yəni bu ailədən qaynaqlanır...
- Qismən razıyam. Uşaqları kiçik yaşlarından bir tərəfə yönəltmək olmaz. Musiqi xalq mahnılarından yaxud estradadan ibarət deyil. Uşaqlar hər janrda musiqiyə qulaq asmalıdır. Valideynlər də bunu bilməlidirlər ki, onları düzgün istiqamətə yönləndirə bilsin.

Musiqi sahəmizdə iş gedir, hamı işləyir, müğənnilərin çoxu bəstəkarlara müraciət etmir, çünki pul vermək istəmirlər. Özləri musiqi bəstələməyə başlayırlar.

- Çox gənc bəstəkarlar var ki, kifayət qədər yaxşı pullar qazanırlar.
- Onları analiz etsək görərik ki, yazdıqları musiqilər özləri bilmədən müxtəlif musiqilərin parçalarından ibarətdir. Bu gün yazılan musiqilərdə, aranjimanlarda plagiatlıq hiss olunur. Hazırda Azərbaycanda türk musiqisinə böyük meyl var. Halbuki, Azərbaycan musiqisi türklərdən qat-qat üstün olub. Onlar bizə həsəd aparıblar.

- Natiq bəy, siz mahnılarınızı satırsınızmı?
- Olub. Amma əksəriyyətini satmamışam. Hədiyyə kimi vermişəm. Bəzən də olub satmışam, amma onu elə qiymətə satmışam ki, sizə desəm gülərsiniz.

- Bəs bəstəkarlar necə qazanır?
- O vaxt sovetlər dönəmində hökumət bəstəkarlara yazdıqları əsərlərə görə qonorarlar verirdi. İndi o qonorarlar yoxdur. Bədii Şura yoxdur, əsərlərə baxan, onlara qonorar yazan yoxdur. Bilmirəm xatırlayırsınızmı, ABA telekanalı fəaliyyət göstərirdi.

Yeganə kanal idi ki, harada hansı bəstəkarın musiqisi səslənirdisə, mütləq ona qonorar verirdilər. Böyük qonorar almamışam, yalan deyə bilmərəm. Amma çəkdiyin əziyyətin qarşılığını görmək insana ləzzət edir. Bir bəstəkar kimi səni izləyirlər, sənə qiymət verirlər - bunu hiss edirsən.

- Siz dediyiniz Bədii Şura hazırda Mədəniyyət və Turizm Nazirliyində fəaliyyət göstərir. Bundan xəbəriniz var?
- Var.

- Ora əsər təqdim etmisiniz?
- Mən ora əsər təqdim etməmişəm. Heç vaxt bunun marağında olmamışam. Bilirsiniz, bəstəkar var müğənniyə mahnısını təqdim edir, sonra onun arxasına düşür. Onu məcbur edir ki, mahnını oxusun. Axı tənbəl müğənnilərimiz az deyil. Əvvəllər Azərbaycan radiosunda musiqilər səslənəndə bəstəkarların adları çəkilirdi, amma indi bu yoxdur. Mahnıları Brilliantın, Aygünün mahnısı kimi təqdim edirlər. Axı bu Aygünün mahnısı deyil? Bu Aygünün ifa etdiyi mahnıdır. Bəstəkarın adını çəkin də.

- Bəlkə də bəstəkarlar bu işdə müğənniləri daha çox məzəmmət etsəydilər, belə olmazdı. Məsələn, Aygün Səmədzadə hətta ad çəkməyən müğənniləri məhkəməyə verməklə qorxutmuşdu.
- Yaradıcılığım ilk dövrlərində böyük bir səhv etdim. 80-ci illərdə əsərlərim radiolarda səslənirdi, amma heç bir müğənniyə demirdim ki, efirə çıxanda mənim adımı çək. Mən bunu demirdim, onlarda çıxıb mahnını təqdim edib, öz söhbətlərini edirdilər, bəstəkar yaddan çıxırdı. Bu, sonra mənə qarşı yönəldi. Yəni məndən sonra çıxan bəstəkarlar daha çox tanındılar, nəinki mən.

Nərmin