Azərbaycanda yeni növ gürzə tapıldı

13 Noyabr 2015 11:20 (UTC+04:00)

Azərbaycanda yeni növ gürzə aşkarlanıb.

Bu barədə Teleqraf.com-a Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutundan məlumat veriblər.

Xəbərdə deyilir ki, institutun herpetologiya laboratoriyasının əməkdaşları Quba-Xaçmaz zonasının herpetofaunası üzrə tədqiqatlar aparıblar. Araşdırmalar nəticəsində Azərbaycanda Böyük Qafqazın yüksək dağlıq əraziləri üçün yeni, Gürzələr (Viperidae) fəsiləsinə aid olan ilan növü (Pelias lotiyevi – Lotiyev başıqalxanlısı) aşkar edilib.

Bu növün dünya üzrə arealı Şimali Qafqaz regionudur və Böyük Qafqazın şimal yamacları boyu (Soçi ş. ətrafı) ərazilərindən Dağıstan-Azərbaycan sərhədinə qədər uzanan kserofit dağlıq ərazilərini (dən.səv. hünd. 1000-2500 m) əhatə edir. Lotiyev başıqalxanlısının Azərbaycanda da (Dağıstanla həmsərhəd dağlıq ərazilərdə) yayılması ehtimal olunurdu. Əldə edilən tapıntı sübut etdi ki, Gürzələr (Viperida) fəsiləsindən olan Lotiyev başıqalxanlısı Azərbaycanda Böyük Qafqazın şimal yamaclarında yayılıb.

Hələlik bu növə Azərbaycanda yalnız Quba rayonu hüdudunda, dəniz səviyyəsindən 1900-2300 m hündürlükdə yerləşən subalp dağlıq ərazilərində (Xınalıq kəndi ətrafı) rast gəlinib. Hazırda növün vertikal və horizontal istiqamətlərdə yayılmasını öyrənmək planlaşdırılır.