“Sən öz informasiya qaynağını zərbə altında qoymamalısan” – MÜSAHİBƏ

27 Noyabr 2015 17:30 (UTC+04:00)

Teleqraf.com Bakı Dövlət Universitetinin Televiziya və radio jurnalistikası kafedrasının müdiri, filologiya elmləri namizədi Aynur Kərimova ilə müsahibəni təqdim edir.

– Aynur xanım, bu gün media rəhbərləri nəinki istedadlı, heç orta səviyyəli jurnalist də tapıb işə cəlb edə bilmirlər. Elə bil, ali məktəblər jurnalist ixtisası üzrə qəbul keçirir, onları oxudub diplom verir amma jurnalist yetişdirmir. Bu mənada BDU-dan gözləntilər daha çoxdur...
– Hamı bilir ki, BDU-nun jurnalistika fakültəsi ən qədim, köklü, kadr hazırlığında ən əsaslı jurnalistika məktəblərindəndir. Artıq neçə illərdir ki, mətbuatımızı jurnalistlərlə təmin edirik. Razıyam, yeni imzalar yoxdur. Ancaq məncə, bunu sırf jurnalist təhsilinin boynuna atmaq olmaz.

Bu, başqa məsələdir ki, bizim verdiyimiz təhsil daha klassikdir. Son 10 ildə qlobal jurnalistikada böyük dəyişikliklər var. Yeni, rəqəmsal media erası başlayıb. Hər bir adi vətəndaş jurnalist kimi fəaliyyət göstərmək imkanlarına malik olub. Bu dəyişikliklərin fonunda bizim təhsilimiz kifayət qədər klassikdir. Mən klassikanın tərəfdarıyam, amma digər tərəfdən, klassika yenilənmirsə, bir müddət sonra yorucu olmağa başlayır.

Məzunlarımızı izləyirəm. İstedadlı, gözündə işıq olan tələbələr hökmən mediada özlərinə yer tapırlar. Ancaq çox təəssüf, bu, çox kiçik faiz təşkil edir. Hər il tələbələrimizdən dördü-beşi yayım mediasında işləyirsə, biz buna sevinirik. Çünki adətən yayım mediasında kənar sahədən olan çox adam olur.

Bu yaxınlarda bir televiziya kanalının xəbər otağında oldum, demək olar ki, əməkdaşlar bizim məzunlardan ibarət idi. Xəbər jurnalistikası jurnalistikanın özəyidir. Var xəbər jurnalistikası, var rəy jurnalistikası. Təmiz formada jurnalistikadan danışırıqsa, bu, xəbər jurnalistikasıdır. Çünki faktlardır, balanslı informasiyanın çatdırılmasıdır. Xəbər jurnalistikasında gaha çox bizim məzunlar yer alır, çünki onların yanaşması bir qədər fərqlidir. Rəy jurnalistikasında isə yazıçılar, sənət adamları da ola bilər.

Tələbələrimizə gəldikdə isə, optimistəm. Ola bilər ki, otuz nəfər tələbədən iyirmisi gedib ayrı sahədə işləyir. Amma yerdə qalanlar normal özək təşkil etməyə çalışırlar. Hansısa media strukturunda o jurnalistlər çox yaxşı formada fərqlənirlər.

Mən həmişə tələbələrimə deyirəm ki, siz artıq birinci kursdan yazmalısınız. Dördüncü kursa çatanda siz işi deyil, iş sizi axtarsın. İndi çox sahələrdə, cəmiyyətdə jurnalist vərdişlərinə ehtiyac var. Əgər informasiyalısansa, demək, sən güclüsən. İnformasiya bu əsrin güclü və vacib silahıdır.

Dörd-beş ildə apardığımız söhbətlər, siyasət nəticəsində tələbələrimiz çox açılmağa başlayıblar. Onlar son üç ildə İstanbul Universiteti, Qazi Universiteti, Ankara Universitetinin televiziya və radio jurnalistikası üzrə magistr təhsili almağa gediblər.

Biz bu yaxınlarda Türkiyənin on universitetində, jurnalistika, onların deyimiylə kommmunikasiya məktəblərində olduq. Həmin kommunikasiya məktəblərinin hərəsinin öz yanaşması var idi. Bu fərqlilik o deməkdir ki, sənin median fərqli və maraqlı olur.

Türk media təhsili çox güclüdür. Mən sevinirəm ki, həmin tələbələr ölkəmizə qayıdanda artıq burda baza təşkil edəcəklər.

– Bir çox jurnalist tələbə və məzunlar dörd il təxminən eyni nəzəri bilikləri öyrənməyin əleyhinədir, onlar da yeni metodlarla dərs keçilməsini arzulayırlar. Özünüz də dediniz ki, yeni media erası başlayıb, ancaq biz hələ də klassik təhsil veririk. Bəs biz niyə yeni təhsil metodlarına üz tutmuruq, bunun üçün müəllim hazırlığımız, bazamız yoxdur?
– İl ərzində bu barədə müzakirələr gedib ki, jurnalist təhsilinin, kurikulumun kontenti dəyişilməlidir. Hətta bu, artıq labüd bir şeydir. Dəyişilməsə, mediada indi gördüyümüz mənzərə yaranacaq: qeyri-peşəkar aparıcılar, öz fikrini bildirə bilməyən insanlar. Qeyri-professional mühit artıq gözləri dəlir. Ona görə də kurikulum hökmən dəyişilməlidir. Yoxsa 20 il sonra biz çox böyük savadsızlıqla üzləşə bilərik. Bizim problemlərdən biri jurnalistlərin birdilli olmasıdır. Birdilli olmaq sənin digər dilin verdiyi imkanlardan istifadəni məhdudlaşdırır. İngilis dilini bilmək şərtdir artıq. Çünki Azərbaycan dilində olan internet kontenti çox zəifdir. Hətta məqalələr “Vikipediya” səviyyəsində normal işlənməyib. Pakistanda, Afrikada vətəndaşların dünyaya çıxışı ingilis dilindədir.

Jurnalistikaya pul qazanmaq üçün gəlmək lazım deyil. Jurnalistika şəxsiyyətlər, ictimaiyyətin fikrini dəyişmək istəyən insanlar gəlməlidir. Düşünməlidilər ki, mən burda haqlıyam, fikir yönəldə bilərəm. dünyanın heç bir yerində jurnalistika böyük pullar qazandırmır. Jurnalist orta təbəqənin insanıdır. Amma onların çox güclü motivasiyası olur ki, mənim fikrim kimisə doğru yola yönəldə bilər. Mənim işim ictimaiyyətin keşiyində dayanmaqdır.

– Jurnalist üçün jurnalistika təhsili vacibdir?
– Bu, həmişə mübahisə doğuran bir məsələdir ki, jurnalist təhsili olmalıdırmı, olmamalıdırmı? Qlobal mediada da belədir, bu mübahisələr gedir. Burda dəqiq cavab yoxdur, qızıl ortanı tapmaq lazımdır. Məsələn, iqtisadiyyatı dərindən bilən şəxs iqtisadi mövzuda daha yaxşı yaza bilər, nəinki jurnalist.
Jurnalistikada çarələr bitmir. Əgər sənin jurnalisitika təhsilin yoxdursa, bunu müxtəlif formada inkişaf etdirə bilərsən. Jurnalistika həm də fitri istedad tələb edir. Çünki fikri yazı formasına salmaq bacarığı hər insana xas deyil. Bu, fövqəladə bir vərdişdir.

– Azərbaycan mediası ilə beynəlxalq medianı müqayisə edəndə hansı mənzərə ortaya çıxır?
– Azərbaycan mediasını türk, rus, Avropa jurnalistikası ilə müqayisə edirəm. Rusiya mediasını qətiyyən qəbul eləmirəm. Çünki kifayət qədər təhrif olunmuş faktlarla işləyən, ideologiyalaşmış jurnalistikadır.

Türk mediasına baxıram, böyük, möhtəşəm jurnalistlər, köşə yazarları var. Onların hər hansı hadisəyə aid bir fikri cəmiyyətdə reaksiya doğura bilir. Bilirlər ki, o yazarın arxasında duran tarixi, insanlığı ona bu sözü deməyə haqq verir. Axıra qədər o insana inanırlar və həmin şəxs ictimai fikri yönəldə bilir. Hamısı rəy jurnalistidir.

Eyni siatuasiyada Azərbaycan mediasına baxıram. Bizdə rəy jurnalistikasını kimlər və hansı məqsədlərlə yaradır? Toplum içərisində onlara qarşı o münasibət, o hörmət, o sayğı duruşu varmı?

Cəmiyyət hansı jurnalistlərə inanır? Cəmiyyət ömrü boyu faktlarla işləyən, analiz edə bilən jurnalistlərə inanır. Bu da yaxşı bir haldır ki, bunu əmrlə, sifarişlə etmək olmaz. Sən necə insan, şəxsiyyətsənsə, səni elə jurnalist kimi qəbul edirlər.

Biz bu yaxınlarda Anadolu agentliyində olduq. Agentliyin səhər iclası idi. Böyük bir otaqda böyük bir monitor təsəvvürürünüzə gətirin. Monitor 28 parçadan ibarətdir. Onlarda xəbər axışı sistemi var. Dünyanın müxtəlif yerlərindən 3-4 xəbər təqdim edirlər, onlar müzakirə olunur və nəticədə xəbər axışı sisteminə daxil olur. Fantastik bir şeydir. Bu iş sistemini qura bilirsənsə, deməli, sənin güclü potensialın var.

Eyni zamanda, “The Guardian”ın xəbər otağında olduq. Biz şüşə arakəsmədən baxırdıq, o boyda xəbər otağında səs yoxuydu. Biz öyrəşmişik ki, iş gedirsə, səs-küy olmalıdır. Tam sakitlikiydi, bu da ondan xəbər verir ki, insanlar işləyirlər. Sadəcə, monitoru izləyirdilər.

– Bəs bu media sistemini qurmaq üçün nə lazımdır?
– Belə bir media sistemini yaratmaq üçün güclü hazırlığın olmalıdır. Digər tərəfdən, jurnalist olay yerinə gedəndə operatorun, səsyazmanın, qrimyorun olması lüksdür, ancaq həyat dinamikdir. Nəyisə bəhanə edib operativ xəbər çatdırmağı ləngitmək olmaz. Bizim jurnalistlərin, tələbələrin bir problemi də odur ki, hansısa mövzu tapşıranda düşünürlər ki, hara gedim, kimə müraciət edim, necə yazım? Elementar olaraq telefonla informasiya almağı bacarmırlar. Bu multi-vərdişlərin hamısı olmalıdır. Ünsiyyət, empatiya yaratmaq çox vacibdir. Öz informasiya şəbəkən olmalıdır. O şəbəkə bilməlidir ki, sənə informasiya verdiyinə görə heç vaxt başı ağrımayacaq.

İnkişaf etmiş ölkələrin çoxunda mətbuat konfransı olanda bir perioddan sonra kameralar, diktofonlar söndürülür, verilən məlumatlar mətbuat üçün deyil, yalnız jurnalistlərə deyilir. Təcrübədə belə şey olmayıb ki, həmin məlumatlar yazılsın. Bu, yüksək jurnalist mədəniyyətidir. Dövlətin maraqları var və o marağa xidmət etməlisən. Eyni zamanda, sən öz informasiya qaynağını zərbə altında qoymamalısan. Bu da jurnalist etikasıdır. Hərdən fikirləşirəm ki, jurnalist supermen qədər çoxlu vərdişlərə sahib olmalıdır.

– Bu da yenə gedib həmin jurnalistika məktəbinə, təhsilə dirənir. Dörd il ancaq parta arxasında əyləşən tələbə bu vərdişlərə necə yiyələnsin?
– Britaniya təhsilinin ən böyük uğuru odur ki, şəxsiyyət yetişdirir. Təhsil şəxsiyyət yetişdirməlidir. Digər tərəfdən, nə qədər nəzəriyyə olar? Jurnalistika tam tətbiqi bir sahədir. Tələbələr mənə yaxınlaşırdı ki, biz televiziya jurnalistikasını parta arxasında necə öyrənə bilərik? Fikirləşdim ki, deməli, burda texniki təminat lazımdır. Universitetimizdə bölgə televiziyası qədər güclü bir infrastruktur yaratmağa başladıq. Tələbə yüksək səviyyəli studiyada işləməli, öyrənməlidir. Telestudiyaya gedəndə Afrika cəngəlliyi görmüş kimi olmamalıdır.

Peşə vərdişlərindən əlavə, dünyada gedən iqtisadi-siyasi prosesləri bilməlisən. Yoxsa müəyyən səviyyədən sonra peşə vərdişlərin sənə kömək edə bilməyəcək. Hər hansı tok-şou intellektual, ciddi zəmin alanda sənin sıfır olduğun tam aydınlığı ilə görünəcək.

– Aynur xanım, bəzi hallarda jurnalistlərimizin nəinki qlobal mövzulardan, heç ana dilimizin qaydalarından xəbəri olmur…
– Onda daha dərinə getmək lazımdır. Azərbaycanlı uşaq normal nitqi harda eşidir? Ailələrdə. Mənəvi söhbətləri maksimum ədəbiyyat müəllimlərindən eşidə bilərsən. Ancaq o da klassik təhsil almış biridir. Yaxud dəqiq, keyfiyyətli, savadlı nitqi harda eşidirik? Televiziyada. Ancaq bu gün eşidə bilirikmi? Radioları açırıq, intellektual söhbət eşidirikmi? Yox. İntellektual ünsiyyət formatlarımız yoxdur. Ən uyğun variant universitet auditoriyasıdır. Amma bu da artıq gecdir. 17 yaşına qədər intellektual ortamda olmamaq, sonra gəlib qatılmaq fayda verməz. Demək, sənin təfəkkürün tamam ayrı istiqamətdə inkişaf edib. Əslində isə, intellektual söhbətin başladığı məkan ailə, orta məktəb, peşəkar media olmalıdır.

Son hadisələrlə bağlı mətbuatımız ciddi, maraqlı bir təhlil, məqalə yazdımı? Türkmənlərin keçmişi, mübarizəsi, siyasi çatışmanın hardan doğduğu barədə hardasa məlumat görə bildikmi? Türk mətbuatı müxtəlif cür bu cavabları verdi, bəs Azərbaycan mətbuatı? Axırıncı dəfə ciddi siyasi, emosiyasız icmalı harda oxumuşuq? İndi jurnalistika tələbəsi ingilis dilini bilmirsə, istiqaməti hardan götürsün? Əslində, indiki gənclər çox öndədirlər, çıxışları çoxdur. Sadəcə, biz onlara nələri vermişik? Bizdə də günah çoxdur.

– Siz bir müəllim kimi istər tələbələrə, istər gənc jurnalistlərə ədəbi dilin qaydalarına yiyələnə bilmək üçün kimləri oxumağı məsləhət görərdiniz?
– Hemenqueyin İkinci Dünya Müharibəsindən reportajları çox maraqlıdır. Mark Tvenin hekayələrini oxumaq olar. Sadə və rahat yazıb. Kamal Abdullanın, Anarın əsərlərini oxusunlar. Mənim üçün ən gözəl nitq rəhmətlik Vaqif İbrahimoğlunun nitqi idi. Dünyaya belə rejissor, ziyalı gəlməyib və gəlməyəcək. Təfəkkür baxımından oxunmalı olan filosoflarımız var. Hətta tələbələr oxumağa Nitsşedən başlaya bilərlər. Qəliz ola bilər, amma çox sadə həqiqətlərdir. Dostoyevskinin əsərləri həddən artıq gözəldir, hələ də ona uyğun gələn kimsə yoxdur. Üzeyir Hacıbəyovu hökmən oxumaq lazımdır, Yusif Vəzir Çəmənzəminli mənim üçün maraqlıdır.

Dili öyrənmək üçün kənd ədəbiyyatından yazan yazıçılarımızı oxumaq olar.

– Bəs nəyi oxumasınlar?
– Bestsellerləri oxumayın. Elif Şafak, Harry Potter çox satılsa da onları oxumağa, vaxt sərf etməyə dəyməz. Ömrünüzə heyfiniz gəlsin.

– Azərbaycan mətbuatında elə imzalar varmı ki, yazılarınızı izləyirsiniz, gözləyirsiniz?
– Kamal Abdullanın bütün janrlarda olan yazılarını izləyirəm. Niyazi Mehdini oxuyanda sevinirəm, fəlsəfi düşüncələri mənə çox maraqlı gəlir. Vüsalə Məmmədovanı oxuyuram.

Bu gün mən daha çox xəbərlərdən qıtlıq çəkirəm, xəbər oxumaq üçün hara baxacağımı bilmirəm. Son vaxtlar bütün yazılarda aqressiya var. Başa düşürəm, kriminal xəbərlər reytinq gətirir, ancaq hadisələri bütün detalları ilə çatdırmaq lazım deyil.

– Sizcə, biz oxucu mədəniyyəti formalaşdıra bilmişikmi?
– Sizə bir hadisə danışım. Böyük Britaniyada biz bir taksiyə oturduq. Taksi şoferi hansısa Afrika ölkəsindən gəlmişdi, dedi, övladlarım burda təhsil alır. O, hadisələr barədə maraqlı şərhlər verməyə başladı. Soruşanda ki, bunları hardan bilirsiniz? Dedi, mən medianı oxuyuram. Baxın, “News-Times” ona dünya haqda dəqiq, böyük informasiya verib. Bizim oxucunun taleyi, maariflənməsi isə bizim qəzetlərin ümidinə qalıb.

Yazarların tutarlı arqumentləri yoxdur. Emosiyayla şərh vermək olmaz. Çox rahat kimisə şərləyə bilirlər. Təbii, oxucular da onların arxasınca gedir. Bu da kütlə psixologiyasından asılıdır.

Ancaq düşünürəm ki, kəmiyyət artıq keyfiyyətə də gətirib çıxaracaq. Sevindiricidir ki, artıq öz dilimizdə danışırıq, informasiya qaynaqlarımız var. İnanıram ki, elə qəzet çıxacaq ki, artıq səhərlər mütləq onu oxumaq istəyəcəyik.

– Qəzetlərdən söz düşmüşkən, çoxları çap mediasına ehtiyac olmadığını, bu tip medianın sıradan çıxmalı olduğu fikrindədir. Siz necə düşünürsünüz, qəzetin ömrünə az qalıb?
– Kino yarananda deyirdilər, teatrlar ləğv olunacaq. Televiziya yarananda dedilər, radio olmayacaq. Hansısa auditoriyaya hökmən qəzet, hansınasa hökmən radio lazımdır. Ola bilsin ki, qəzet indiki formada olmayacaq, amma konsepsiya qalacaq. Bəlkə, şəkillər hərəkətli, ətirli olacaq, amma sıradan çıxacağını düşünmürəm.. Ancaq burda interaktivlik vacibdir, bu da keyfiyyətə təsir göstərəcək. Belə olanda kiməsə şər atmaq mümkün olmayacaq, ideal bir şey yaranacaq. Bu barədə də optimistəm.

Sevinc Fədai