Xudu Məmmədov yas yerinə niyə gecikmişdi? – PORTRET

1 Dekabr 2015 10:57 (UTC+04:00)

Teleqraf.com-un “Portret” layihəsində tanınmış alim Rafiq Əliyev mərhum Xudu Məmmədov haqqında danışır.

– Rafiq müəllim, Xudu Məmmədov Ağdamın Mərzili kəndində anadan olub, siz isə Novruzlu kəndində. Bu yerlər bir-birinə çoxmu yaxındır?

– Mərzili kəndi ilə Novruzlu kəndini cəmi bir dərə ayırır. Hətta əvvəllərdə yuxarı siniflərdə oxumaq üçün Mərzilidən olan şagirdlər Novruzlu orta məktəbinə gəlirdilər. Adət-ənənələri bir-birinə çox yaxındır. Elə özünə əbədi ömür qazanmış, elmimizin və ictimai fikrimizin simvollarında biri olan Xudu Məmmədovun da atası Mərzili kəndindən, anası isə Novruzlu kəndindən idi. Xudu müəllimin anası tərəf bəy nəslindən idi. Novruzlu kəndində vahid bir üçmərtəbə ev var idi ki, o da Xudu müəllimin anasıgilin evi idi. Xudu müəllimin atası da Sovetlər dövründə dövlət işlərində çalışırdı. Novruzlu kəndi haqqında ən yadımda qalan xatirələrdən biri odur ki, 1988-ci ildə mənim bu dünyalı və o dünyalı dostum general Məhəmməd Əsədov XIX əsrin sonlarında Peterburqda dərc olunmuş bir kitab göstərdi. O kitabda göstərilmişdi ki, XIX əsrdə Novruzlu kəndində 96 tüstü var idi. Aydınlıq üçün qeyd edim ki, o vaxtlar evlər sayını, əhali sayını bacadan çıxan tüstü ilə ölçürdülər.

– Bildiyimə görə, siz Xudu müəllimlə həm də qohumsunuz. Yəqin, birinci onu yaxın qohum kimi tanımısınız, sonra alim, ictimai-siyasi xadim kimi, elədirmi?

– Təbii ki, Xudu müəllimi ilk olaraq bir qohum kimi tanıyırdım. O tez-tez kənddə nənəmgilə gələrdi.

– Ana nənə?

– Hə, anamın anasını nəzərdə tuturam. Elə gənc ikən də o, fitri istedadı, fərqliliyi ilə fərqlənirdi. Alim kimi (burada Xudu müəllimin ifadəsi yadıma düşdü: adam da özünə alim deyərmi, alim Nyuton olar, Eynşteyn olar) “Azərbaycan gəncləri” qəzetində onun haqqında çıxan doğrudan sensasiyaya səbəb olmuş yazı ilə tanıdım. O, Moskvada akademik Belovun, İngiltərədə Con Bernalın mötəbər elmi məktəbini keçmişdi. O məktəblər Xudu müəllimə şərəf gətirsə də, Xudu müəllimin kristallo kimya sahəsindəki mötəbər işləri də o məktəblərə şöhrət gətirmişdi. Vətənə bağlılığı, həmişə ictimai-siyasi proseslərin nüvəsində olmağı ona İngiltərədə qalıb işləmək təklifindən imtina etməsinə səbəb olmuşdu. Xudu müəllimi ictimai xadim kimi səciyyələndirən əsas xüsusiyyət o idi ki, onda ekstremizm radikallıq elementləri qətiyyən yox idi, prosesləri dərindən təhlil etmək bacarığı var idi və bir də güclü xarizması var idi.

– Elə bil onun haqqında tələbələrinizə dərs deyirsiniz. Maraqlıdır, hələ haqqında heç nə eşitməyən, heç nə bilməyən tələbələrinizə Xudu müəllimi necə təqdim edərdiniz?

– Milləti, ölkəni, xalqı onun seçilmişləri bütün dünyada tanıdar. Seçilmişlər deyəndə yüksək peşə namusunu, dərin əxlaqi keyfiyyətləri, xalqının mənafeyini öz mənafeyindən üstün tutan, istənilən səviyyədə neqativlərə müxalif olan, millətinin imzasını imzalar içinə qoya bilən şəxsləri nəzərdə tuturam. Belə şəxslər hər bir ölkədə o ölkənin xalqının adətən iki faizindən çox olmur. Xudu Məmmədov Azərbaycanımızın bu iki faizlik siyahısının başında duranlardan biri idi.

– Onun yaxın dostları kimlər idi, ən çox kimlərlə bir yerdə görərdiniz?

– Mənim təbirimcə dost sənin aynandır. Əsl dost onda olur ki, davamlı əqidə birliyi, təmənnasız münasibətlər, dar ayaqda dayaq olmaq bacarığı olsun. Xudu müəllimin əsasən iki yaxın dostu var idi. Böyük fikir adamı, dəyərli mərhum şairimiz və mənim də əziz dostum Bəxtiyar Bahabzadə və bir də gözəl insan, təmiz əqidə sahibi professor Nurəddin Rzayev. Onlar tez-tez Azərbaycanın rayonlarına gedər, xüsusən orta məktəblərdə, Bakıda universitetlərdə birgə görüşlər keçirərdilər. Yadıma bir əhvalat düşdü. Bunu mənə Xudu müəllim dünyasını dəyişdikdən sonra Bəxtiyar Bahabzadə danışmışdı.

– Buyurun...

– Bir gün hər üç dost Kəlbəcərə gedirlər. Ehtiram əlaməti olaraq bunların ayaqları altında qoyun kəsmək istəyirlər. Bəxtiyar müəllim deyir ki, mən uşaqlıqdan qandan qorxan olmuşam. Xahiş edirəm o qoyunu kəsməyin. Xudu müəllimin ovqatı korlanır. Bəxtiyar müəllim soruşur ki, Xudu sənə nə oldu, kim sənə nə elədi? Xudu müəllim cavab verir: “Bəxtiyar, bundan artıq mənə nə edəcəkdin ki, qoymadın ki, Azərbaycanda bir qoyun da qoyunluğundan azad olsun”.

– Bəs siz özünüz necə, Xudu müəllimlə tez-tezmi görüşürdünüz, yoxsa təsadüfi vaxlatlarda? Ümumiyyətlə, münasibətləriniz hansı səviyyədə idi? Dost, yoxsa sadəcə, qohum?

– Xudu müəllimlə münasibətlərimiz qohumluqdan çox dostluq münasibətləri idi. Bu dostluğu həm də düşüncə vektorlarımızın istiqaməti, elmi fikirlərimiz dəstəkləyirdi. Xudu müəllim dünyasını dəyişməmişdən üç gün öncə qoltuğunda böyük bir qovluqla mən çalışdığım iş yerimə gəlmişdi. Bir xeyli dərdləşdikdən sonra qovluğu açdı, mənə bir rənglər çaları ilə dolu sxem göstərdi. Rafiq, bu “Şur”dur. İkinci bir şəkil göstərdi: bu “Çahargah”dır. Sonra isə bu da “Segah”dır. Onu da qeyd edim ki, Xudu müəllimin yaxşı rəssamlıq qabiliyyəti var idi.

– Rəssam kimi hardasa işləmişdi?

– Bəli, o, bir neçə müddət Ağdam Dövlət Dram Teatrında rəssam kimi çalışmışdı. Mənə göstərdiyi şəkil-sxemlərdə muğamlarımızın rənğlərlə təsviri verilmişdi. Hələ vaxtilə böyük alim Nyuton yeddi notla yeddi rəng arasında uyğunluğu göstərmişdi, bu dalğa tezliklərinin uyğunluğuna əsaslanır. Əvvəlcə qeyd etdiyim kimi, Xudu müəllim düşüncə tərzində radikallıq yox idi, o, qeyri-səlis məntiqlə, tolerantlıq mətiqi ilə düşünürdü. Mənə dedi ki, dünyada yeddi rəng yox, bəlkə də yeddi milyon rəng var. Axı hər rəngin neçə çaları var. Mən bu çevirmələri, yəni muğam səslərini yeddi rəngə çevirdim, sən isə qeyri-səlis məntiqin və müasir kompüter texnologiyalarının gücündən istifadə etməklə muğamlarımızla rənglər arasındakı (məsələn, xalıdakı, gəbədəki rənglər) uyğunluğu araşdır.

Bu söhbətin üstündən heç üç gün keçməmiş, Bəxtiyar müəllim mənə evə zəng vurur, təxminən axşam 8-9 radələrində (o vaxt hələ mobil telefonlar yox idi). Mən isə mərhum Famil Mehdigildə Famil müəllim ilə söhbət edirdim. Bəxtiyar müəllim Famil müəllimgilə zəng vurdu və ağlaya-ağlaya mənə dedi ki, Xudu dünyasını dəyişdi.

Mənim elmi marağım olmasa da Xudu müəllimin son vəsiyyətini yerinə yetirə bildim. “Maye segah”dan başladım, muğamlarımızı qeyri-səlis məntiqlə rənglərə çevirdim, xalılarla, başqa ornamentlərlə müqayisə etdim. Bir daha Xudu müəllimin zəkasına, fəhminə, mənə verdiyi şəkil-sxemlərdəki dəqiqliyə heyran oldum. Bu tədqiqat işləri Azərbaycan Konservatoriyası, ABŞ-ın Miçiqan Universiteti və başqa Misiqi Akademiyaları tərəfindən qiymətləndirildi. Amerikada nəşr olunan “İnternational Azerbaijan” junalında Beta Bleyr bu iş haqqında məqalə dərc etdi. Bu, Xudu müəllimə verilən qiymət idi.

Sonralar Xudu müəllimin vəsiyyəti və aparılan tədqiqatlar əsasında mən “Segahı görürəm” adlı bir kitab çap elətdirdim, təxminən 20 çap listi, və o kitabı Xudu müəllimə ithaf etdim.

– Rafiq müəllim, siz bizim üçün bir çox cəhətlərinizlə dəyərlisiniz, bilmək istərdim, Xudu Məmmədovun hansı xüsusiyyətlərini özünüzdə görmək istərdiniz?

– Dəfələrlə məndən soruşublar ki, siz Xudu müəllimin qohumusunuzmu? Çünki həm davranışınızda, həm xarici görünüşünüzdə, səsinizdə bir oxşarlıq var. Mən həmişə bununla fəxr etmişəm. Xudu müəllim mənim həyatımda, hər bir sahədə örnəkdir. Xüsusən ondan elmi və həyati prinsipiallığı, hadisələrin təhlilində səbəb nəticə axtarmağı, katarsis yaşamağı və təmizlənməyi, bir də elmlə sənətin vəhdətinə sadiq olmağı ondan əxz etməyə çalışmışam. Mənim də həyatda ən yaxın dostum, əqidə sirdaşım böyük şairimiz Ramiz Rövşəndir və bir də bir və ya iki sənət, fikir adamı.

– Bəs Xudu müəllimin ölüm səbəbi nə oldu? Hər hansı uzun sürən xəstəliyi vardı, yoxsa qəfil oldu?

– Xudu müəllim dünyasını dəyişməmişə kimi iki dəfə ürək iflici keçirtmişdi. Axı millətin bu boyda yükünə Xudunun yumruq boyda ürəyi necə dözəydi? Xudu müəllim həmişə mənə deyərdi, millətimizin öncülləri siyahısında Üzeyir bəy başda durur. Elə o, Üzeyir bəyin evində Qarabağ problemləri və başqa ictimai-siyasi problemlər müzakirə olunarkən qəfildən ürək iflicindən dünyasını dəyişdi.

– İndi cəmiyyətimizə, ictimai-siyasi həyatımızda Xudu müəllimin yerini ən çox haralarda görürsünüz? Deyilənə görə, hadisələrə yaxşı ironiya eləyə bilirmiş.

– İndi ictimai-siyasi həyatımıza baxanda tolerantlıq qıtlığı, barış nöqtələrinin yoxluğu, proseslərə adekvat münasibət çatışmazlığı nöqtələrində Xudu müəllimin yeri görünür.

– Bu barədə heç məlumatım yoxdur, ona görə soruşuram. Xudu Məmmədovun övladları arasında onun yolunu davam elətdirən oldumu? Bəs nə işlə məşğuldur övladları?

– Xudu müəllimin bir oğlu var. Toğrul. Çox ləyaqətli vətən oğludur. İnformatika sahəsində yaxşı mütəxəssisdir.

– Yaxşı bayatılar da yazıb. Ssenarilər də yazıb. Necə məsləhət görürsünüz, biz Xudu Məmmədovu əsasən, hansı istiqamətdə tanıyaq? Şair, kimyaçı alim, ssenarist, yoxsa?..

– Təbii ki, Xudu müəllimin fəaliyyətində elm dominantlıq təşkil edir. Xudu müəllim kristolloqrafiya sahəsində dünyada sayılıb-seçilən alimlərdən biridir. Eyni zamanda o, sənətin vurğunu idi və onun dərinliklərinə baş vura bilirdi. Vaxtilə onun çap etdirdiyi “Qoşa qanad” kitabı əl-əl gəzirdi və bestseller olmuşdu.

Yeri gəlmişkən onun bir bayatısını Sizə deyim:

Əlim köməyim olsun,
Elim köməyim olsun,
Kimsəyə möhtac olsam,
Ölüm köməyim olsun.

Xudu müəəllim yaşadığı mənalı ömür boyu heç kimə möhtac olmadı, heç kimə borclu qalmadı. Bir Azərbaycandan başqa. O, Azərbaycan üçün çox iş görmək istəyirdi.

– Rafiq müəllim, mən çox adam tanıyıram ki, Xudu Məmmədov haqqında maraqlı xatirələr danışıblar. Yəqin sizin də ürəyiniz bu cür xatirələrlə zəngindir.

– Birini danışım. Bir dəfə Xudu müəllim mənə telefon açdı və dedi ki, gedək Neftçalaya, Sosialist əməyi qəhrəmanı Nuruş Əliyevin kolxozundakı məktəbə baxaq. Yolda maşında mənə danışdı ki, dünən bizim İnstitutda (Elmlər Akademiyasının Qeyri-Üzvi Kimya İnsitutu) Elmi Şura keçirilirdi. İnstitutun direktoru cari ildə alınan elmi nailiyyətlərdən danışdı (guya elmi nailiyyətlərdən) və dedi ki, hətta yardımçı təsərrüfatımız o qədər inkişaf edib ki, bu institutda hər adam başına 76 kq polimer düşür. Nitqini sona yetirəndən sonra soruşdu ki, kimin sualı var. Heç kim sual vermədi. Guya hər şey aydın idi. Mən əlimi qaldırdım. Soruşdum ki, hörmətli direktor, bildik ki, bu institutda hər adam başına 76 kq polimer düşür. Deyə bilərsinizmi ki, bəs hər adam başına nə qədər daş düşür?

Son xatirələrimdən birini də danışım. Bir yerdə Nurəddin Rzayevgilə yasa getməliydik. Mən onu yaşadığı evin qarşısından təxminən axşam saat 7 radələrində götürməli idim. Hava da qaralmışdı. Biz maşına oturanda bir qoca qarı bizə yaxınlaşdı, dedi ki, oğul, evimi itirmişəm tapa bilmirəm. Düz saat 7-dən axşam saat 10-a kimi Xudu müəllim Hökümət evinin qarşısından “Qaqarin” körpüsünə kimi bütün evləri, binaları mənimlə və o qarı ilə gəzdi. Nəhayət, onu öz ailəsinə təhvil verəndən sonra gecikmiş də olsaq, yolumuza davam etdik.

Kəramət Böyükçöl