Peres: “Əgər “Real”ı kubokdan kənarlaşdırsalar...”

4 Dekabr 2015 09:34 (UTC+04:00)

“Real” klubunun prezidenti Florentino Peres komandasının İspaniya Kral Kubokundan kənarlaşdırılması təhlükəsi ilə bağlı mətbuat konfransı təşkil edib.

Teleqraf.com xəbər verir ki, “Real Madrid Info” məlumat yayıb. Madrid klubunun rəhbərliyi yaranmış vəziyyətə aydınlıq gətirib:

"Denis Çerışevin cəzalı duruma düşməsi ilə bağlı İspaniya Futbol Federasiyası və "Vilyareal" klubundan bizə bildiriş gəlməyib.

Onun "Kadis"lə matçda oynamaq hüququnun olmadığını bilmirdik. Əgər "Real"ı kubokdan kənarlaşdırsalar, bu işin sonuna kimi gedəcəyik, etirazımızı lazimi orqanlara çatdıracağıq.

İntizam kodeksinin 41-ci maddəsində yazılıb ki, əgər belə məsələlərdə xəbərdarlıq edilmirsə, cəzadan söhbət gedə bilməz.

Mən hesab etmirəm ki, kimsə bu məsələdə səhv edib. Biz əminik ki, bu vəziyyətdən qalib çıxan tərəf olacağıq. Əgər federasiya 41-ci maddəni diqqətlə oxusa, onda bizi cəzalandırmayacaqlar. Bu, kədərli vəziyyətdi. Amma biz özümüzü günahkar hiss etmirik".

Ötən mövsüm "Vilyareal"da icarə əsasında oynayan rusiyalı futbolçu "Real Sosyedad", "Hetafe" və "Barselona" ilə görüşlərdə sarı vərəqə ilə cəzalandırılmışdı.

Ardıcıl üç matçda sarı vərəqə alan Çerışev İspaniya Kubokunun 1/16 final mərhələsinin "Kadis"lə ilk oyununu buraxmalı idi. Ancaq start heyətində meydana çıxan 24 yaşlı futbolçu 3-cü dəqiqədə rəqib qapısına yol da tapıb.

Bundan gec xəbər tutan məşqçilər korpusu fasilədə Çerışevi xorvatiyalı Mateo Kovaçiçlə əvəzləyib.

Qarşılaşma "Real"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Ötən mövsüm "Osasuna" klubu eyni səbəbdən kubokdan kənarlaşdırılıb.

Rüstəm