Bu prosesdə vətəndaş cəmiyyətinin dəstəyinə də ehtiyac var - MÜSAHİBƏ

11 Dekabr 2015 12:13 (UTC+04:00)

“Monitorinqlər aparanda pozitiv məqamlar və çatışmayan hallarla bağlı müvafiq rəylər hazırlayıb Ədliyyə Nazirliyinə təqdim edirik. Ədliyyə Nazirliyi də həmin rəylər əsasında müvafiq araşdırmalar apararaq qərarlar qəbul edir. Yeri gəlmişkən, 2006-cı ildən bu yana cəzaçəkmə müəssisələrində xeyli və əhəmiyyətli proqres var. Məhkumların saxlanılması ilə bağlı ciddi irəliləyişlər var. Yataqxanalar, barakların təmiri prosesi həyata keçirilib. Məhkumların yaşaması üçün normal şəraitin yaradılması üçün lazım olan əksər işlər görülüb və görülməkdə də davam edir. Bundan başqa, məhkumların digər hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində mühüm addımlar atılıb”.

Bunu Teleqraf.com-a müsahibəsində Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib. Müsahibəni təqdim edirik:

- Azərbaycan Apelyasiya Məhkəməsi Leyla Yunusu şərti cəza verməklə azadlığa buraxıb. Bunu necə qiymətləndirirsiniz?
- Çox müsbət qiymətləndirirəm. Hesab edirəm ki, bu, humanitar əsaslara söykənən bir addım oldu. Çünki Leyla Yunusun xəstəliyi ilə əlaqədar tez-tez müraciətlər olurdu. Eyni zamanda, yerli insan hüquqları müdafiəçiləri bu məsələni qaldırırdı, xahiş edirdilər ki, humanitar əsaslara söykənən qərar verilsin. Beynəlxalq hüquq müdafiə təşkilatları, habelə Birləşmiş İşçi Qrupunda təmsil olunan hüquq müdafiəçiləri də belə müraciətlər etmişdi. Məhkəmə də bütün bunları nəzərə alaraq Leyla Yunus barəsində müsbət qərar verdi. Ona verilən cəzanın növü dəyişdirildi və nəticədə azadlığa çıxdı. Hesab edirəm ki, çox yaxşı bir addımdır. İnsanın səhhətini nəzərə alaraq məhkəmə orqanı humanistlik nümayiş etdirdi. Bu addım, sadəcə, alqışlanmalıdır. Bunu hər kəs müsbət qiymətləndirməlidir.

- Prezident yanında Əfv Komissiyasının toplantısı keçirilib. Ayın sonunda əfv gözləyirsinizmi?
- Azərbaycan Prezidenti tərəfindən zaman-zaman əfv sərəncamları imzalanıb. Azərbaycanın müstəqillik dövründə indiyə qədər 60 əfv sərəncamı imzalanıb, bunun nəticəsində 6 minə yaxın insan azad edilib. İndi də gözləntimiz odur ki, ölkə başçısı müstəsna səlahiyyətindən istifadə edərək, humanizm prinsipini əsas götürərək, eləcə də, hüquq müdafiə təşkilatlarının, Ombudsmanın, Birləşmiş İşçi Qrupunun müraciətlərini nəzərə alaraq yenə də bir qrup məhkumun azadlığa çıxması ilə bağlı əfv sərəncamı verəcək. Ümid edirəm ki, Prezidentimiz tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibəti ilə bir çox məhkumlar hər il olduğu kimi yenə də azadlığa qovuşacaqlar. Ümid edirəm ki, bir qrup insana azadlıq bəxş ediləcək, onlar bayramı öz ailələrinin yanında keçirəcəklər. Bir neçə gündür ki, Əfv Komissiyası fəaliyyət göstərir, ona daxil olan müraciətləri araşdırır. Bundan aylar öncə Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin əfv məsələləri üzrə sektoru müraciətləri araşdırırdı. Bu müraciətlər əsasında müxtəlif orqanların rəylərini alırdı. İndi katiblik bütün sənədləri hazırlayaraq Əfv Komissiyasına təqdim edib. Komissiya da bir neçə gündür ki, iclaslarını keçirir, müvafiq tövsiyələrini hazırlayır. Cənab Prezident də müstəsna səlahiyyətindən istifadə edərək təqdim edilən şəxslər haqqında müvafiq qərarlar qəbul edəcək. Lakin buradan elə rəyə gəlmək olmaz ki, Əfv Komissiyasının bütün təqdimatları nəzərə alınacaq. Bu, Prezidentin səlahiyyətində olan məsələdir. Əfv Komissiyasının tövsiyələri nəzərə alına, əlavə şəxslər də əfv sərəncamına daxil edilə bilər. Amma bir məqamı qeyd edim ki, ilboyu bu istiqamətdə iş gedir. Qeyd etdiyim şöbənin əfv məsələləri üzrə sektoru bu məsələləri araşdırır. Biz ümid edirik ki, bir xeyli sayda məhkum azadlığa qovuşacaq. Təbii ki, siyahıda mətbuat nümayəndəsi, QHT təmsilçisi ola bilər. Yəni hər bir məhkumun adı potensial olaraq siyahıya salına bilər. Bu, Əfv Komissiyasının əsasnaməsinə uyğun olaraq həyata keçirilir. Orada şəxsin cəzasının ağırlıq dərəcəsi, çəkdiyi cəzanın müddətinə uyğun olaraq müraciət etmək hüququ yaranır. Lakin müraciət etmək o demək deyil ki, bu, dərhal təmin olunmalıdır. Orada müraciət diqqətlə yoxlanır, həmin məhkumun törətdiyi əməldən gerçəkdən peşman olması, səhhətində ciddi problemin olub-olmadığı araşdırılır. Bundan sonra Əfv Komissiyası müvafiq rəylər hazırlayır. Prezident də bu rəyləri nəzərə ala və ya almaya bilər. Biz ayın sonunda əfv gözləyirik.

- Sədri olduğunuz Konstitusiya Araşdırmalar Fondu Daxili İşlər Nazirliyinin istintaq və müvəqqəti saxlama təcridxanalarında monitorinq aparırmı?
- Biz bu saat əsas monitorinqi cəzaçəkmə müəssisələrində aparırıq. Polis orqanlarında apardığımız monitorinqlər 2014-cü ildə dayandırılıb. Hazırda Ədliyyə Nazirliyində yaradılan İctimai Komitənin üzvü olaraq Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində monitorinq həyata keçiririk. Qeyd edim ki, polisdə monitorinqlərin aparılmasına ehtiyac var. Çünki həbs yerləri haqqında yeni qanuna əsasən müvəqqəti saxlama yerləri də monitorinq obyekti olmalıdır. Düşünürəm ki, Daxili İşlər naziri, hörmətli Ramil Usubov tərəfindən bu sahədə ixtisaslaşan QHT-lər, o cümlədən Konstitusiya Araşdırmaları Fondu da 2016-cı ildən bu monitorinqlərin aparılması işinə cəlb olunacaq. Daha doğrusu, buna müvafiq icazə veriləcək. Monitorinqlər ətraf mühitlə əlaqənin yaranması, eləcə də, bu prosesdə qanunçuluğun tələblərinə əməl edilməsinin keyfiyyətini artıra bilər. Çünki bu, ümumiyyətlə həmin qurumların özlərinə lazımdır. Şübhəsiz ki, həbs yerlərində saxlanılan şəxslərin statusu haqqında qanuna uyğun olaraq ictimaiyyətin iştirakı təmin olunur. İctimaiyyətin iştirakı isə şübhəsiz ki, monitorinqlər vasitəsi ilə ola bilər. Hesab edirəm ki, növbəti ildə DİN-in yanında ictimai şuranın yaradılması prosesinə də start veriləcək. Bu da, çox vacibdir. Çünki DİN çoxfunksiyalı fəaliyyət həyata keçirir, ictimai qaydaları, əhalinin təhlükəsizliyini təmin edir. DİN bu mənada mühüm və ağır fəaliyyətlə məşğuldur. Bu prosesdə vətəndaş cəmiyyətinin dəstəyinə də ehtiyac var.

- Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində apardığınız monitorinqin nəticələri nədən ibarətdir?
- Monitorinqlər aparanda pozitiv məqamlar və çatışmayan hallarla bağlı müvafiq rəylər hazırlayıb Ədliyyə Nazirliyinə təqdim edirik. Ədliyyə Nazirliyi də həmin rəylər əsasında müvafiq araşdırmalar apararaq qərarlar qəbul edir. Yeri gəlmişkən, 2006-cı ildən bu yana cəzaçəkmə müəssisələrində xeyli və əhəmiyyətli proqres var. Məhkumların saxlanılması ilə bağlı ciddi irəliləyişlər var. Yataqxanalar, barakların təmiri prosesi həyata keçirilib. Məhkumların yaşaması üçün normal şəraitin yaradılması üçün lazım olan əksər işlər görülüb və görülməkdə də davam edir. Bundan başqa, məhkumların digər hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində mühüm addımlar atılıb. Məsələn, vaxtından əvvəl şərti azad olma institutunun tətbiqi həyata keçirilir. Bu çox vacib və əhəmiyyətli məsələdir. İki ildən çoxdur ki, vaxtından əvvəl azad edilmə institutunun tətbiqi ilə bağlı komissiya geniş fəaliyyət göstərir. Bu hüquqa malik olan məhkumların sənədləri araşdırılır. Komissiyanın tərkibində vətəndaş cəmiyyəti, Ədliyyə Nazirliyinin nümayəndələri, Penitensiar Xidmətin rəsmiləri, Ombudsman Aparatının təmsilçiləri iştirak edir. Bütün işlərə də obyektiv olaraq baxılır. Nəticədə məhkəmə yolu ilə müsbət rəy verilənlər ya azad edilir, ya da rejim növü dəyişdirilir. Artıq bu yolla 4 mindən çox məhkum azadlığa buraxılıb və ya məntəqə tipli rejimə keçirilib.

- Məhkumların qida rasionu, saxlanma şəraiti, məşğulluq imkanları standartlara uyğundurmu?
- Sanitar gigiyenik qaydalar, səhiyyə xidmətlərinə çıxışla bağlı da müsbət tendensiya müşahidə edilir. Qidanın keyfiyyəti ilə əlaqədar müsbət dəyişiklik baş verib. Məşğulluğun artırılması işində də proqres müşahidə olunur. Bunlar göz qarşısında olan hallardır. Həmçinin cəzaçəkmə müəssisələri tikilərək istifadəyə verilib. Avropa Penitensiar Qaydalarının tətbiqi prosesi həyata keçirilir. Amma şübhəsiz ki, müəyyən qüsurlar və çatışmazlıqlar da mövcuddur. Çatışmazlıqlar sırasında müəssisələrdə sıxlığın olmasını qeyd edərdim. Adambaşına məhkuma 4 kvadratmetr sahə ayrılmalıdır. Bunu Azərbaycan qanunvericiliyi tələb edir. Lakin beynəlxalq qanunvericilikdə bu 7 kvadratmetr nəzərdə tutulur. Hələlik bu normalara yetərincə əməl edilmir. Səbəb də, odur ki, cəzaçəkmə müəssisələrinin bir çoxu ötən əsrin əvvəllərində və ortalarında tikilib. Bəziləri, ümumiyyətlə təyinatına görə, cəzaçəkmə müəssisəsinə uyğun deyil. Amma, sadəcə olaraq o dövrdəki zərurət çərçivəsində bu edilib. Bu səbəblərdən də sıxlıq var. Həmçinin məhkumların məşğulluğu ilə bağlı məsələdə irəliyə doğru addımların atılması baş verib. Lakin bu istiqamətdə hökumət tərəfindən qərarlar qəbul edilməlidir ki, cəzaçəkmə müəssisələrinə dövlət sifarişi olsun, məhkumlar peşəartırma kurslarına cəlb edilsin, əmək vərdişlərinə yiyələnsin. Bu, onların büdcəsinə müəyyən qədər təsir edə və məhkumlar azadlığa çıxanda daha rahat yaşamaq imkanı əldə edə, işə düzələ bilərlər.

- Xəstə məhkumların sayının az olmadığına dair rəqəmlər deyilir. Bu istiqamətdə hansı işlər həyata keçirilir, görülən işlər qənaətbəxşdirmi?
- Cəzaçəkmə müəssisələrində müalicə aparılır. Xüsusilə, məhkumların vərəmə tutulması halları xeyli dərəcədə azaldılıb. Bu proses çox yüksək avadanlıqlardan istifadə ilə müşahidə olunur. Vərəmə tutulmanın azaldılması və tamamilə yox edilməsi istiqamətində görülən işlər təqdirəlayiqdir. Eyni zamanda, məhkumlar arasında hepatit xəstəliyinə tutulma da var. Bildiyiniz kimi, bu böyük maliyyə tələb edən məsələdir. Bununla bağlı müəyyən işlər görülür. Lakin ictimaiyyətin də buna dəstəyi olarsa, bu müalicənin daha müasir metodla aparılmasına səbəb olardı. Çünki orada avadanlıq və dərman preparatları bahalıdır, bəzən vəsait yetərli olmaya bilir. Əlavə olaraq deyim ki, məhkumların azadlığa hazırlanması prosesi gedir. Lakin onların azadlığa çıxdıqdan sonra işə düzəlməsi problemi olur. Bu haqda da düşünmək lazımdır. Əsas odur ki, biz, eləcə də, Ədliyyə Nazirliyi bu problemləri görür.

Nemət