“Ona güzgü Mütəllibov deyirdilər” - Almurad Əliyev

14 Dekabr 2015 18:10 (UTC+04:00)

“Mütəllibov prezident ola bilmədi. Onun prezidentliyi zamanı mən dağlarda olurdum, işləyirdim. Şəhərə də az-az gəlirdim. Lakin bilirəm ki, həmin dövrdə millət ondan narazı idi. Mən konkret bilmirəm ki, bu qədər ildən sonra Mütəllibov niyə belə danışır və nə istəyir, məqsədi nədir. Əgər sözü var idisə, bunu vaxtında bəylə görüşəndə üzünə deyərdi. İndi axı yaxşı deyil. Mən də çox şey deyə bilərəm axı. Özü də, bilir ki, bir zamanlar ona güzgü Mütəllibov deyirdilər. Daima güzgüyə baxardı”.

Bunu qəzetimizə müsahibəsində eks-prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev bildirib. Müsahibəni təqdim edirik:

- Eks-prezident Ayaz Mütəllibovun son günlər mətbuata verdiyi müsahibəni oxumusunuz?
- Açığı, oxumamışam. Ancaq bilirəm ki, müsahibəsində nəsə deyib. Nə dediyini bilmirəm, çünki bunun o qədər də əhəmiyyəti yoxdur. Azərbaycan xalqı hər şeyi yaxşı bilir. Bu mənada zənn etmirəm ki, Mütəllibovun nəsə deməsi insanların fikrini dəyişə, səhv düşündüyü qənaətinə gələ bilər. Odur ki, bu məsələ ilə ciddi məşğul olmadım, buna maraq göstərmədim.

- Ayaz Mütəllibovla sizin nə vaxtsa münasibətiniz olubmu?
- Xeyr. Mənim Mütəllibovla heç zaman münasibətim, bir dəfə də olsun, ünsiyyətim olmayıb. Ancaq bilirəm ki, rəhmətlik Əbülfəz Elçibəylə bir və ya iki dəfə söhbət edib. Rəhmətlik bəy də ona demişdi ki, gəlsin, hamı bir yerə toplaşsın. Çünki hamımız bir xalqın övladıyıq. Bildiyim qədər bir dəfə də toplaşmışdılar. Səhv etmirəmsə, şeyx Allahşükür Paşazadə də orada olub. Lakin sonradan Mütəllibov bu görüşlərə gəlmədi. Ondan sonra da respublikada ara qarışdı. İndi bilmirəm nə deyib. Ancaq nə deyirsə desin və unutmasın ki, Vətəni qoyub qaçan Mütəllibovun özü oldu.

- Sizinlə və ya Əbülfəz Elçibəylə Mütəllibovun düşməni münasibəti olubmu?
- Mənimlə nəyə görə düşməni münasibəti olmalıdır? Mən heç onu tanımıram və həyatda da üz-üzə gəlməmişəm. Ancaq ola bilsin ki, Əbülfəz Elçibəylə münasibətində problemlər olsun. Çünki fərqli cəbhədə idilər. Əbülfəz Elçibəy müstəqillik uğrunda mübarizə aparırdı, Ayaz Mütəllibov isə həmin dövrdə daha çox Moskvaya yaxın şəxs kimi tanınırdı. Mənim şəxsən ona düşmən münasibətim yoxdur.

- Ümumiyyətlə, münasibətiniz necədir?
- Münasibətim normaldır. Öz həyatını yaşasın. Mütəllibov da bir insandır, yəqin, indi yaşlaşıb. Amma hər halda bir qədər normal danışmalı idi.

- Onun prezidentliyi dövrünü xatırlayırsınız?
- Mütəllibov da prezident ola bilmədi. Onun prezidentliyi zamanı mən dağlarda olurdum, işləyirdim. Şəhərə də az-az gəlirdim. Lakin bilirəm ki, həmin dövrdə millət ondan narazı idi. Mən konkret bilmirəm ki, bu qədər ildən sonra Mütəllibov niyə belə danışır və nə istəyir, məqsədi nədir. Əgər sözü var idisə, bunu vaxtında bəylə görüşəndə üzünə deyərdi. İndi axı yaxşı deyil. Mən də çox şey deyə bilərəm axı. Özü də, bilir ki, bir zamanlar ona güzgü Mütəllibov deyirdilər. Daima güzgüyə baxardı.

- Eks-prezident açıqlamasında deyib ki, Əbülfəz Elçibəy çox sadəlöhv adam idi...
- Ola bilsin ki, Mütəllibov görüntüdən belə nəticəyə gəlib. Mən buna görə ona bir söz deyə bilmərəm. Ancaq iş ondadır ki, Əbülfəz Elçibəy iddia olunduğu qədər də sadəlöhv deyildi, sadəcə insanlarla mehriban idi. Lakin bəyin o biri tərəfi də var idi. Düzdür, müəyyən qədər yumşaq idi, lakin sərtliyi də var idi. Mütəllibov ancaq bunu deyib?

- Bu açıqlamasından öncə isə demişdi ki, Əbülfəz Elçibəy primitiv millətçi idi, hamıya inanırdı...
- Primitiv deməklə yəqin “geridə qalmış” demək istəyib. Mənə elə gəlir ki, Mütəllibov burada səhv edib. Həm də, o anlamalıdır ki, özü Bakıdan çıxaraq Moskvaya qaçdı, illərlə Rusiyada yaşadı. Yəni xalqından qaçıb gizləndi. Mənə elə gəlir ki, bunu unutmamalıdır. İndi demək istəyirsə ki, Əbülfəz bəy primitiv idi, yəni dünyada gedən proseslərdən baş çıxarmırdı, mən də ona deyirəm ki, yəqin, sən hesab edirsən ki, Elçibəy satqın deyildi, rusa satılmırdı, ona görə primitiv idi. Yəqin, satılanlar özlərini primitiv hesab etmirlər, düşünmürlər ki, onlardan istifadə olunur. Və nəhayət, sən Elçibəyi primitiv hesab edirdinsə, niyə ölkəni qoyub Moskvaya qaçdın? Bunun cavabını ver. Məncə, bu, bəs edər.

- Ayaz Mütəllibov eks-prezidentdir, siz də eks-prezident Elçibəyin qardaşısınız. Necə düşünürsünüz, əslində, münasibətlər necə olmalıdır?
- Problem ondadır ki, vaxtında Mütəllibovun Əbülfəz Elçibəylə münasibətləri yaxşı olmayıb. Çünki biri müstəqilliyi, üçrəngli bayrağı sevib, digəri SSRİ-nin tərkibində qalmağı, bu məqsədlə referendum keçirməyi və s. Amma indi münasibətlər yaxşı olmalıdır. Siyasi münasibətləri şəxsi müstəviyə gətirmək etik bir hərəkət deyil. Zaman dəyişir, allahın bəzi işləri var. İntəhası Mütəllibovun indi danışmağı doğru bir iş deyil. İllərdir oturub, indi danışmağa başlayıb. Gərək o danışmaya. Mən bilirəm ki, Mütəllibovun bu fikri ciddi narazılıq yaradıb, minlərlə insan internet üzərindən ona cavab verib. Hesab edirəm ki, Mütəllibov bu həqiqəti və reallığı başa düşəndən sonra daha danışmaz. Məncə, Mütəllibovun fikirlərinə çox vaxt ayırdım, əslində, buna qəti ehtiyac yox idi. El məsəli var, daldan atılan daş topuğa dəyər. Danışsın, desin, yazsın. Görünür, onun dərdi var ki, belə danışır. Amma Əbülfəz bəy ona qarşı belə sərt mövqedə deyildi. Açığı, çoxları bilirdi ki, Mütəllibov müstəqil insan deyil, daha çox Rusiyaya bağlı idi. Ancaq Vəzirov yaxşı adam idi. Bakıda olanda Əbülfəz bəylə razılaşırdı. Vəzirov pis adam deyildi, amma onun da taleyi yaxşı gətirmədi.

- Tahir Kərimli deputat seçilib, xəbəriniz varmı?
- Tahir Kərimli bizə gəlib-gedərdi. Bəzən yoldaşı, bəzən bacısı ilə gəlirdi. Yaxın insanlar idi. Sonra Tahir Kərimli Ali Məhkəmənin sədri oldu, mən də gedib onunla görüşdüm. Sonradan Tahir Kərimli ilə hər hansı bir münasibətimiz olmayıb.

- Tahir Kərimli dünən mətbuata verdiyi müsahibəsində qeyd edib ki, Əbülfəz Elçibəy haqq dünyasına qovuşanda yasa getməyib, lakin evində əyləşərək göz yaşları axıdıb. Bunu necə qiymətləndirirsiniz?
- Həmin vaxt on minlərlə insan yasa gəlirdi, ola bilsin ki, Tahir gəlməyib. Biz xüsusi olaraq gələnlərin kimliyinə diqqət etmirdik. Amma inanmıram ki, Tahir Kərimli yasa gəlməsin. Ya da, nədənsə çəkinib gəlməyib. Çünki Tahir Kərimli Elçibəyin prezidentliyi dövründə Ali Məhkəmənin sədri idi.

- Siz əsasən nə işlə məşğul olursunuz?
- İndi siz deyən xüsusi bir fəaliyyətim yoxdur. Altı aydan çoxdur ki, evdə əyləşirəm, bir tikə çörəyimi yeyirəm, televiziyaya baxıram, kitab oxuyuram. Eyni zamanda da heç nəyə fikir vermirəm. Siyasətə də maraq göstərmirəm.

- Niyə?
- İndi ölkəmizdə o qədər siyasət aparan var ki. Mənim orada nə işim var. Öz həyatımı yaşayıram, arabir qohum-əqrəba ilə görüşürəm. Bilirsinizmi, mənim yaşım keçib, indi 83-ü haqlamışam. Yaşlaşdıqca, xarakter də dəyişir, hövsələ də fərqli olur. Mən də çalışıram ki, heç kəsə mane olmayım.

- Əbülfəz Elçibəyin Kələkidə ata evinin fotoları yayılıb. Ev baxımsız və çox köhnə durumdadır, təmirə ehtiyacı olduğu dərhal hiss olunur. Bu barədə nə deyə bilərsiniz, doğrudanmı, sizin ata eviniz o vəziyyətdədir?
- Şəkili yayılan ev ata evimizdir. O qədər də dəbdəbəli deyil. Bəli, köhnə evdir, lakin dağılıb, uçmayıb. Yaşamaq olur. Bizim üçün çox gözəl evdir, hamımız orada böyümüşük. Köhnə dədə-baba evimizdir, həyətində də meyvə ağacları var. Baxın, mənim 83 yaşım var, özüm də həmin evdə doğulmuşam. Həmin evin də 100 yaşı olar. Bəy prezident olanda da ata-baba evimiz indiki kimi idi. Amma bağçası çox gözəldir. Hazırda həmin evdə davamlı yaşayan yoxdur. Yaydan-yaya gedib qalırlar. Bəyin ailəsi gedəndə həmin evdə qalır. Mən özüm 4-5 ildir ki, kəndə getmirəm. Çalışacam, bu il gedim bir kənddə qalım. Neçə illərdir ki, kəndin üzünü görmürəm.

- Bəs yayda hara gedirsiniz, Türkiyəyə?
- Yox. Nə Bakının digər rayonlarına gedirəm, nə də İstanbula. Yay olanda axşam tərəfi çıxıb şəhəri bir az gəzirəm, dostlarla, qohumlarla görüşürəm, bəzən çayxanada otururam. Artıq beş ildir siqaret çəkmirəm, içki içmirəm. Olmuşam əsl sakit insan. Günümüzü sakit şəkildə keçiririk.

- Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyevin sosial şəbəkələrdə fotoları yayılmışdı, qeyd olunurdu ki, yaxın aylarda toyu olacaq...
- Hə, belə bir hadisə gözlənilirdi. Ancaq bildiyim qədər Ərturqut bu işi təxirə salıb. Cavan oğlandır. Çoxdandır onunla görüşmürəm. Arada zəng edirəm, onun da işləri olur. Hər dəfə deyir ki, gəlib dəyəcəm, amma işləri çox olduğundan vaxt tapa bilmir. Yəqin ki, özüm gedib onunla görüşəcəyəm.

- Bəyin ailəsinin yaşayış durumu necədir?
- Normaldır, yaşayırlar. Bəyin qızı da Türkiyədə yaşayır. Aqil Səmədbəylinin valideyni vəfat etmişdi, onda gəldilər Bakıya. Mən də görüşdüm. Arada telefonla danışırıq. Allah hamısının canını sağ-salamat eləsin.

Nemət